Dünyanın ən çox gözlənilən oyunlarından biri olan “GTA VI” ilə bağlı yeni təfərrüatlar məlum olub. “Rockstar Games” şirkəti oyunun genişləndirilmiş təqdimatının 27 avqust tarixində keçiriləcəyini rəsmən təsdiqləyib. Bu tədbir çərçivəsində oyunsevərlər layihə haqqında daha ətraflı məlumat əldə edə biləcəklər.
Təqdimatın yayım formatı maraqlı yeniliklərlə müşayiət olunur. Belə ki, “Netflix” abunəçiləri genişləndirilmiş görüntüləri saat 15:00-da (ET), “YouTube” istifadəçiləri isə saat 21:00-da (ET) izləyə biləcəklər. Bu əməkdaşlıq “Netflix” və “Rockstar Games” arasında daha əvvəl “GTA” trilogiyasının mobil versiyalarının buraxılması ilə başlayan tərəfdaşlığın davamıdır.
“GTA VI” niyə bu qədər böyük maraq doğurur?
Yeni oyunun buraxılışı “GTA V”-in uğurundan sonra böyük maraqla gözlənilir. “Take-Two” şirkətinin məlumatına görə, “GTA V” təxminən 230 milyon nüsxə satılaraq bütün zamanların ən çox satılan oyunlarından birinə çevrilib. “Rockstar Games” 2022-ci ildə yeni oyun üzərində işlədiyini təsdiqləmiş, 2023-cü ildə isə ilk treyleri təqdim etmişdi.
Uzun illər davam edən gözləntilərdən sonra “GTA VI”-nın 19 noyabr tarixində “PS5” və “Xbox” konsolları üçün satışa çıxarılması planlaşdırılır. Oyunun buraxılış tarixi o qədər əhəmiyyətlidir ki, bir çox digər oyun studiyaları öz layihələrinin tarixlərini bu oyuna görə dəyişməli olublar.






