"ShinyHunters" haker qruplaşması "BBC" nəşrinə verdiyi müsahibədə "Rockstar Games" şirkətindən oğurlanmış məxfi məlumatları yayımlamaq planlarını təsdiqləyib. Kiber cinayətkarlar "GTA VI" oyununun yaradıcılarının məlumat bazasına üçüncü tərəf süni intellekt platforması olan "Anodot" vasitəsilə daxil olublar. Hakerlər şirkətdən 14 aprel tarixinədək fidyə tələb edərək, əks halda materialları açıq girişə yerləşdirəcəkləri ilə hədələyiblər.
"Rockstar" rəhbərliyi kiberhücum faktını təsdiqləsə də, hadisənin miqyasını kiçiltməyə çalışıb. Şirkətin rəsmi açıqlamasına görə, hakerlər yalnız oyunçulara və studiyanın fəaliyyətinə təsir etməyəcək "məhdud həcmdə əhəmiyyətsiz məlumatlara" çıxış əldə ediblər. Nəticə etibarilə, tərtibatçılar "ShinyHunters" qrupunun tələblərini yerinə yetirməyiblər və hakerlər təyin olunmuş vaxt bitdikdən sonra təhdidlərini reallaşdırmaq niyyətindədirlər.
Hansı məlumatlar təhlükə altındadır?
Kiber cinayətkarların dəqiq hansı faylları ələ keçirdiyi hələlik məlum deyil. Lakin hücumun "Anodot" analitik platforması üzərindən həyata keçirildiyini nəzərə alsaq, söhbətin "GTA VI" oyununun birbaşa materiallarından çox, maliyyə sənədləri, marketinq planları və oyunçuların xərcləri barədə məlumatlardan getdiyi ehtimal olunur. Bu cür sızıntılar şirkətin daxili strategiyasını rəqiblər üçün açıq edə bilər.
"Rockstar" üçün əvvəlki kiberhücumlar
Qeyd etmək lazımdır ki, bu, "GTA VI" oyununun hazırlanması dövründə "Rockstar" şirkətinin məruz qaldığı ilk sızıntı deyil. Hələ 2022-ci ildə hakerlər oyunun test versiyasından yüzlərlə qeympley videosunu internetə sızdırmışdılar. Daha sonra, 2023-cü ilin sonlarında isə layihənin debüt treyleri rəsmi təqdimatdan əvvəl qeyri-qanuni olaraq yayımlanmışdı.
Gözlənilən "GTA VI" oyunu eksklüziv olaraq "PS5", "Xbox Series X" və "Xbox Series S" konsolları üçün hazırlanır. Layihənin əslində ötən ilin payızında buraxılması planlaşdırılsa da, premyera əvvəlcə 26 may 2026-cı il tarixinə, daha sonra isə həmin ilin 19 noyabr tarixinə təxirə salınıb.






