"Take-Two Interactive" şirkətinin baş direktoru Ştraus Zelnik "iicon" biznes konfransında çıxış edərək, "Rockstar Games" tərəfindən hazırlanan və böyük maraqla gözlənilən "GTA VI" oyununun maliyyə məsələlərinə toxunub. Hazırda oyunun rəsmi buraxılış qiyməti açıqlanmasa da, analitiklər standart nəşr üçün 80-100 ABŞ dolları civarında görünməmiş məbləğlərin tələb olunacağını gözləyirlər. Zelnik qiyməti rəsmən təsdiqləməkdən imtina etsə də, bu cür ultra-premium qiymət iddialarının şirkətin planlarına daxil olmadığını eyham vurub.
Rəhbər bildirib ki, istehlakçılar məhsulun möhtəşəmliyini və ona qoyulan qiymətin ədalətli olduğunu dərk etməlidirlər.
"Sizin aldığınız məhsula qarşı hissləriniz həmin məhsulun özündən və ona nə qədər ödədiyinizdən asılıdır"- deyə o qeyd edib. Zelnik həmçinin əlavə edib ki, onların əsas məqsədi tarixdəki ən maraqlı əyləncəni yaratmaqdır və bu məqsədə çatdıqları təqdirdə uğur öz-özünə gələcək. Qeyd edək ki, "GTA VI" oyununun 19 noyabr 2026-cı ildə "PS5", "Xbox Series X" və "S" konsolları üçün işıq üzü görəcəyi gözlənilir.
Konfrans çərçivəsində 2011-ci ildə təqdim edilmiş "L.A. Noire" detektiv oyununun pərəstişkarları üçün də sevindirici xəbərlər verilib. Şirkət rəhbəri gələcəkdə bütün əqli mülkiyyətləri ilə bağlı yeniliklər etməyi planlaşdırdıqlarını təsdiqləyib. O, konkret olaraq "L.A. Noire" barədə hələlik heç bir rəsmi elanın olmadığını, lakin gələcəkdə hər hansı bir yenilik olarsa, bunun şəxsən onun tərəfindən deyil, məhz "Rockstar Games" tərəfindən açıqlanacağını vurğulayıb.






