“Cyberleek” təxəllüslü şəxs “Rockstar Games” şirkətinin hazırladığı və oyun dünyasının maraqla gözlədiyi “GTA VI” layihəsinin yeni kadrlarını ictimaiyyətə təqdim edib. Bu, son günlər ərzində baş verən sayca dördüncü sızma olmaqla, indiyə qədər yayımlanan ən uzun video materialdır. Təxminən iki dəqiqə yarım davam edən görüntülərdə oyunun baş qəhrəmanı Ceyson Düvalın hərəkətləri nümayiş olunur.
Yayımlanan videoda oyunun mexanikası haqqında bir sıra maraqlı detallar üzə çıxıb. Qəhrəmanın polis motosikletini qaçırması, döyüş zamanı silah seçimi və müalicə prosesi, həmçinin şahidlərin təsviri əsasında işləyən yeni axtarış sistemi diqqət çəkir. Videonun sonunda Ceyson və onun dostu Kəl Hempton arasında keçən dialoq fonunda “Cyberleek” şirkətin onu hələ də tapa bilməməsinə görə istehza edir.
“Cyberleek” nə tələb edir və oyun nə vaxt çıxacaq?
Sızmaları həyata keçirən şəxs “Rockstar Games” və “Take-Two Interactive” şirkətlərinin “istehlakçı əleyhinə” olan yanaşmalarını dəyişmələrini tələb edir. O, şirkətlərdən ictimai üzr istəməyi və öz fəaliyyətlərini düzəldəcəklərinə dair vəd vermələrini gözləyir. Əks təqdirdə, sızmaların davam edəcəyi bildirilir.
Qeyd edək ki, “GTA VI” oyununun 19 noyabr tarixində “PS5”, “Xbox Series X” və “S” platformaları üçün satışa çıxarılması planlaşdırılır. Oyunun qiyməti 80 ABŞ dollarından başlayacaq. Gələn həftə isə “Netflix” platformasında oyunun genişləndirilmiş təqdimatı keçiriləcək.






