"Rockstar Games" studiyası ("Take-Two Interactive" şirkətinə məxsusdur) çoxdan gözlənilən "GTA VI" oyununun qiymətini hələ də açıqlamayıb. Lakin "Bank of America" maliyyə konqlomeratının analitiki Omar Dessouky Las-Veqasda keçirilən "iicon" biznes konfransından sonra bu barədə öz fikirlərini bölüşüb. O, əmindir ki, yeni oyunun standart buraxılışı mütləq şəkildə 80 ABŞ dolları dəyərində olmalıdır.
Analitikin sözlərinə görə, hazırda çətin dövrlərini yaşayan videooyun sənayesinin nümayəndələri konfransda narahatlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, əgər "Take-Two" şirkəti "GTA VI" oyununu 70 ABŞ dolları qiymətinə satarsa, digər studiyaların öz oyunlarını 80 ABŞ dolları müqabilində satması çox çətin olacaq. Omar Dessouky qeyd edib:
"Biz hesab edirik ki, bir çox tərtibatçıların tərəfdaşı və naşiri kimi 'Take-Two' şirkətinin qiyməti qaldırması bütün sənayenin xeyrinədir və onların öz maraqlarına uyğundur."
Qeyd edək ki, bu, oyun sənayesi naminə qiymət artımı ilə bağlı edilən ilk çağırış deyil. Hələ 2025-ci ilin əvvəlində tədqiqatçı Matthew Ball da analoji təkliflə çıxış etmişdi. Eyni konfransda "Take-Two" şirkətinin baş direktoru Strauss Zelnick oyunun dəqiq qiymətini təsdiqləməkdən imtina edib. Bununla belə, o, internetdə müzakirə olunan həddindən artıq yüksək qiymət iddialarının şirkətin planlarına daxil olmadığına işarə vurub.
Rəsmi məlumatlara əsasən, "GTA VI" oyunu 19 noyabr 2026-cı il tarixində "PS5", "Xbox Series X" və "Xbox Series S" konsolları üçün işıq üzü görəcək. Layihənin fərdi kompüterlər (PC) üçün nəzərdə tutulan versiyası isə hələ də təsdiqlənməyib. Strauss Zelnick bu vəziyyəti "Rockstar" studiyasının prioritetləri ilə əlaqələndirərək, onların ilk növbədə öz əsas auditoriyasına ən yaxşı şəkildə xidmət etməyə kökləndiyini vurğulayıb.






