Kult statuslu kriminal döyüş oyunu olan "Grand Theft Auto IV" nəhayət ki, uzun illərdir oyunçuları narahat edən "pilləkənvari" qrafik effektlərindən xilas olub. Modder ChunkLeChuck tərəfindən hazırlanan "DLSS-IV" adlı mod, oyuna "Nvidia DLSS 4", "AMD FSR 3" və "DLAA" kimi müasir intellektual miqyaslama texnologiyalarını gətirir. Bundan əlavə, mod HDR dəstəyini də aktivləşdirir.
Bu yeniliyi tətbiq etmək üçün istifadəçilərin "Fusion Fix" adlı qlobal texniki modifikasiyanı quraşdırmaları tələb olunur. "Nexus Mods" platformasında yayımlanan bu həll, oyunçulara "FSR 3" texnologiyasını "FSR 4.1" ilə əvəz etmək imkanı da tanıyır. İrlandiyalı bloqer TJGM öz kanalında paylaşdığı videoda bu modun oyunun vizual keyfiyyətini nə dərəcədə yaxşılaşdırdığını nümayiş etdirib.
Qeyd edək ki, "Rockstar Games" tərəfindən rəsmi şəkildə təqdim olunmayan bu dəstək, oyunun vizual görünüşünü əhəmiyyətli dərəcədə müasirləşdirir. 2008-ci ilin aprelində konsollar üçün, həmin ilin dekabrında isə PC üçün buraxılan "GTA IV", "Metacritic"-də 100 baldan 98 bal toplayaraq 25 milyondan çox tirajla satılıb. Hazırda şirkətin oyunun rəsmi remaster versiyası üzərində işləyib-işləmədiyi barədə dəqiq məlumat yoxdur.






