Dünyanın ən çox gözlənilən oyunlarından biri olan "GTA 6"-nın noyabr ayında təqdim olunması oyun konsolları bazarında ciddi gərginlik yaradıb. İri pərakəndə satış şirkətləri, "Sony" və "Microsoft" istehsalı olan "PlayStation 5", "Xbox Series X" və "Series S" modellərinin ilin sonuna doğru çatışmazlığı ilə üzləşə biləcəklərini proqnozlaşdırırlar. Mütəxəssislər hesab edir ki, tələbatın təklifi üstələməsi möhtəkirlərin (re-seller) qiymətləri süni şəkildə qaldırmasına şərait yaradacaq.
Nə üçün konsol qıtlığı yaşanır?
Qıtlığın əsas səbəbi kimi yarımkeçirici komponentlərin, xüsusilə də yaddaş çiplərinin (DRAM və NAND) qlobal çatışmazlığı göstərilir. İstehsalçılar öz güclərini süni intellekt (AI) sürətləndiricilərinin istehsalına yönəltdikləri üçün oyun konsolları üçün lazım olan ehtiyatlar azalıb. "Microsoft" rəsmiləri bildirib ki, konsol yaddaşlarının qiyməti 2,5 dəfədən çox artıb və payız aylarında bu rəqəmin daha da yüksəlməsi gözlənilir.
Qiymət artımları və bazardakı vəziyyət
Xərclərin artması fonunda "Microsoft" avqustun 1-dən etibarən "Xbox" konsollarının qiymətini artıracağını elan edib. Hazırda "PS5"-in qiyməti 649,99 ABŞ dollarından, "PS5 Pro"-nun qiyməti isə 899,99 ABŞ dollarından başlayır. Analitiklər "Sony"-nin də ilin sonuna qədər "PlayStation 5"-in qiymətində yenidən dəyişiklik edə biləcəyini istisna etmirlər. Oyunçulara "GTA 6"-nı problemsiz oynamaq üçün konsol alışı zamanı tələsmələri tövsiyə olunur.






