"Google" şirkəti ötən ay sızdırılan "Google Workspace" tətbiqlərinin yeni ikonlarını artıq geniş şəkildə istifadəyə verir. Yenilənmiş ikonlar əvvəlki düz rəng tonlarından fərqli olaraq, açıq çalarlardan tündə doğru dəyişən qradiyent görünüşə malikdir. Bu vizual dəyişiklik, şirkətin bir il əvvəl təqdim etdiyi yenilənmiş "Google" loqosunun dizayn xəttini davam etdirir.
Yeniliklər çərçivəsində "Google Chat", "Meet" və "Calendar" kimi tətbiqlərin ikonları çoxrəngli dizayndan tək rəngli formata keçib. "9to5Google" nəşrinin və "Reddit" istifadəçilərinin məlumatına görə, "Google Docs", "Sheets" və "Slides" ikonlarının rəngləri eyni qalsa da, son iki tətbiqin simvolu istifadəçilərin iş vərdişlərinə uyğun olaraq landşaft (üfüqi) rejiminə dəyişdirilib.
Əhəmiyyətli dəyişikliklərdən biri də "Google Drive" və "Google Keep" tətbiqlərində müşahidə olunur. "Google Drive" ikonunun küncləri yuvarlaqlaşdırılıb və sağ aşağı küncdəki qırmızı detal yığışdırılıb, "Google Keep" isə sarı düzbucaqlı fonunu itirərək sadəcə sarı lampa formasına salınıb. "Gmail" ikonu daha təmiz görünüş əldə etsə də, əsaslı şəkildə dəyişməyib. Bütün bu yeniliklər çərşənbə axşamı baş tutacaq "Google I/O" tədbirindən dərhal əvvəl təqdim edilir və şirkətin ekosistemində daha çox vizual dəyişikliklərin elan olunacağı gözlənilir.






