"The Information" nəşrinin məlumatına görə, "Google" şirkəti ABŞ Müdafiə Nazirliyi ilə süni intellekt modellərinin "istənilən qanuni dövlət məqsədi" üçün istifadəsinə icazə verən məxfi müqavilə imzalayıb. Bu razılaşma, "Google" işçilərinin baş icraçı direktor Sundar Pichai-dən texnologiyanın qeyri-insani və ya zərərli yollarla istifadə edilə biləcəyi narahatlığı ilə Pentaqonla əməkdaşlığı dayandırmağı tələb etməsindən bir gün belə keçməmiş baş tutub.
Əgər bu müqavilə rəsmən təsdiqlənərsə, "Google" da ABŞ hökuməti ilə məxfi süni intellekt razılaşmaları olan "OpenAI" və "xAI" şirkətlərinin sırasına qoşulacaq. Qeyd edək ki, "Anthropic" şirkəti də əvvəllər bu siyahıda idi, lakin Müdafiə Nazirliyinin süni intellekt modellərindən silah və müşahidə ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq tələblərini rədd etdiyi üçün Pentaqon tərəfindən qara siyahıya salınıb.
Vəziyyətlə tanış olan anonim mənbəyə istinad edən "The Information" bildirir ki, müqaviləyə əsasən, axtarış nəhənginin süni intellekt sistemləri "müvafiq insan nəzarəti və idarəetməsi olmadan" daxili kütləvi müşahidə və ya avtonom silahlar üçün istifadə edilməməlidir. Lakin sənəddə həmçinin qeyd olunur ki, bu razılaşma "Google" şirkətinə qanuni dövlət əməliyyat qərarlarına nəzarət etmək və ya veto qoymaq hüququ vermir. Bu isə razılaşdırılmış məhdudiyyətlərin hüquqi öhdəlikdən çox, sadəcə şifahi vədə bənzədiyini göstərir.
"Reuters" agentliyinə verilən açıqlamada "Google" nümayəndəsi bildirib ki, şirkət süni intellektin müvafiq insan nəzarəti olmadan daxili kütləvi müşahidə və ya avtonom silahlar üçün istifadə edilməməsi fikrini dəstəkləyir. Şirkətdən verilən məlumata görə, kommersiya modellərinə, o cümlədən "Google" infrastrukturuna sənaye standartlarına uyğun təcrübə və şərtlərlə API çıxışının təmin edilməsi milli təhlükəsizliyin dəstəklənməsi üçün məsuliyyətli bir yanaşmadır.






