"Reuters" agentliyinin məlumatına görə, "Google" şirkəti istifadəçilərin gündəlik həyatda rahatlıqla taxa biləcəyi şık süni intellektli eynəklər yaratmaq üçün "Gucci" ilə əməkdaşlıq edir. "Gucci" brendinin ana şirkəti olan "Kering" bu yeni texnoloji cihazın 2027-ci ildə istifadəyə verilməsini planlaşdırır. Bu addım texnologiya nəhənginin geyilə bilən cihazlar bazarında mövqeyini gücləndirmək strategiyasının bir hissəsidir.
Bununla yanaşı, "Google" bu il "Project Aura" adlı ilk "Android XR" eynəklərini də təqdim etməyə hazırlaşır. Qalın qara plastik çərçivələrə malik bu cihaz dizayn baxımından "Meta" şirkətinin "Ray-Ban" eynəklərinə bənzəyir. Qeyd edək ki, bu, on il əvvəl uğursuzluğa düçar olmuş "Google Glass" layihəsindən sonra şirkətin ağıllı eynək bazarındakı ikinci böyük cəhdidir.
Ötən il "Google" həmçinin "Warby Parker" və "Gentle Monster" kimi markalarla da tərəfdaşlıq etdiyini açıqlamışdı. Lakin lüks moda seqmentində "Gucci" ilə əməkdaşlıq "Meta Ray-Ban" seriyasına qarşı rəqabətdə mühüm üstünlük yarada bilər. "Snap" şirkətinin baş direktoru Evan Spiegel bu yaxınlarda rəqiblərini tənqid edərək bildirib:
"Düşünürəm ki, 'Meta' insanların öz üzlərində görmək istəyəcəyi bir brend deyil."






