2025-ci ilin sonlarında "Google" qradient dizaynlı yeni ikonlarını istifadəyə verməyə başlayıb. İndi isə bu yeni görünüşün şirkətin digər tətbiqlərinə də tətbiq ediləcəyi gözlənilir. "9to5Google" nəşrinin əldə etdiyi görüntülərə əsasən, texnologiya nəhəngi loqotipindəki bütün rəngləri bir araya sığdırmağa çalışan ənənəvi dairəvi dizayndan imtina edir.
Ümumilikdə, yeni vizual üslub daha yumşaq xətlərə malikdir. Künclər daha yuvarlaqdır və qradientlər pastel tonlardan "Google"-un əsas doymuş rənglərinə doğru incə bir keçid nümayiş etdirir. Bu yeni dizayn dili artıq "Google"-un G loqotipində, həmçinin "Gemini", "Photos" və "Maps" tətbiqlərinin yenilənmiş versiyalarında özünü göstərib. Mənbənin məlumatına görə, bu vizual dəyişiklik süni intellektlə işləyən funksiyaların mövcudluğunu təmsil edir.
Yeni ikonlar 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərindəki yastı görünüşdən uzaqlaşan son dizayn treendlərini əks etdirərək daha əyləncəli, canlı və rəngarəngdir. "Sheets", "Slides", "Forms", "Sites" və "Keep" tətbiqlərinin hamısı şaquli kağız vərəqi görünüşündən imtina edir. Onların bir çoxu "PowerPoint" təqdimatlarına daha uyğun olan üfüqi formata keçid edir.
İkonların əksəriyyəti vizual olaraq daha fərqlidir və çox vaxt tək bir rəngi mənimsəyir. Məsələn, "Chat" tətbiqi dörd rəngli danışıq balonu konturunu "Hangouts" ikonunu xatırladan yaşıl rəngli və gülümsəyən fiqurla əvəz edir. Yeganə istisna kimi "Keep" ikonu göstərilir ki, bəzi rəylərə görə onun yeni dizaynı bərbad görünür. Yeni görünüşlü ikonların kütləvi istifadəyə nə vaxt veriləcəyi dəqiq bilinməsə də, bunun yaxın gələcəkdə baş tutacağı ehtimal olunur.






