"Mystic Leaks" mənbəsi tərəfindən yayılan genişmiqyaslı sızıntı avqust ayında təqdim olunacaq "Google Pixel 11" smartfon seriyasının bütün əsas detallarını üzə çıxarıb. Məlumata görə, yeni cihazların dizaynı əvvəlki "Pixel 10" modelinə bənzəyəcək, lakin daxili təchizatda ciddi dəyişikliklər ediləcək.
"Tensor G6" prosessoru və yeni "MediaTek" modemi
Yenilənmiş "Tensor G6" çipseti "Arm C1" nüvələri əsasında 1+4+2 konfiqurasiyasına malik olacaq. Qrafik emal üçün "PowerVR C-Series CXTP-48-1536" prosessoru, təhlükəsizlik üçün isə "Titan M3" çipi nəzərdə tutulub. Ən diqqətçəkən məqam "Google" şirkətinin illərdir istifadə etdiyi "Samsung Exynos" modemlərindən imtina edərək "MediaTek M90" (MT6986D) modelinə keçməsidir. Həmçinin, cihazlarda yeni tenzor prosessoru (TPU) və xüsusi təsvir emalı çipi (GXP) yer alacaq.
"Google Pixel 11" seriyasında hansı kameralar olacaq?
Şirkət yeni seriyada kamera təchizatını əhəmiyyətli dərəcədə yeniləyir. Baza "Pixel 11" və qatlana bilən "Pixel 11 Pro Fold" modelləri ehtimal ki, 50 meqapiksellik "chemosh" kod adlı yeni əsas sensorla təchiz ediləcək. "Pixel 11 Pro" və "Pixel 11 Pro XL" versiyaları isə əsas və telefoto kameralar üçün nəzərdə tutulmuş "bastet" və "barghest" sensorlarını alacaq.
Ekran və batareya göstəriciləri
Baza modeli olan "Pixel 11" 6,3 düymlük (1080 × 2424) ekran, 60–120 Hz yenilənmə tezliyi və 2200 kandel/m² pik parlaqlıq təklif edəcək. Cihaz 4840 mAs batareya, 8 və ya 12 GB operativ yaddaşla qara, yaşıl, çəhrayı və bənövşəyi rənglərdə buraxılacaq. "Pro" versiyası eyni ekran ölçüsünü qorusa da, daha yüksək təsvir ölçüsü (1280 × 2856), 1–120 Hz tezlik və 2450 kandel/m² parlaqlıq təqdim edəcək. Bu model 4707 mAs batareya və 12 və ya 16 GB operativ yaddaşa malik olacaq.
"Pro XL" versiyası 6,8 düymlük böyük ekran (1344 × 2992) və 5000 mAs tutumlu batareya ilə fərqlənəcək. Qatlana bilən "Pro Fold" modeli isə 1–120 Hz tezlikli 2076 × 2160 daxili OLED və 60–120 Hz tezlikli 1080 × 2342 xarici OLED ekranla təchiz ediləcək. Onun batareya tutumu 4658 mAs təşkil edəcək.
"Pixel Glow" indikatoru və digər yeniliklər
Sızıntılara əsasən, "Pro" modellərində quraşdırılmış termodatchik ləğv ediləcək. Bunun əvəzinə kamera blokunda "Nothing" smartfonlarındakı "Glyph" sistemini xatırladan "Pixel Glow" adlı RGB işıq indikatoru yerləşdiriləcək. Nəhayət, "Google" tərəfindən hazırlanan və üzlə kilit açma funksiyasını təmin edən "Project Toscana" sisteminin bu seriyada debüt etməyəcəyi bildirilir.





