Davam edən qlobal əməliyyat yaddaşı qıtlığı səbəbindən "Google" şirkətinin növbəti "Pixel 11" smartfon seriyası "Pixel 10" xətti ilə müqayisədə daha zəif göstəricilərə malik ola bilər. "Android Headlines" nəşrinin "MysticLeaks" mənbəsinə istinadən verdiyi məlumata görə, baza "Pixel 11" modelinin hazırkı 12 GB əvəzinə 8 GB RAM ilə təqdim edilməsi ehtimal olunur.
"MysticLeaks" bildirir ki, texnologiya nəhəngi "Pixel 11 Pro", "Pro XL" və "Pro Fold" modelləri üçün də hazırkı 16 GB-dan fərqli olaraq, 12 GB RAM-a malik ikinci bir konfiqurasiya əlavə edə bilər. Hər bir model üçün 16 GB-lıq versiyalar mövcud olacaq, lakin daha aşağı göstəricili variantın əlavə edilməsi yüksək yaddaşlı versiyanın qiymətinin artacağı anlamına gələ bilər. Bununla belə, sızdırılan məlumatlarda "Pro" modelləri üçün kamera yenilənmələri və daha parlaq ekranların olacağı da vurğulanır.
Qeyd edək ki, RAM qıtlığı "Samsung" da daxil olmaqla digər smartfon istehsalçılarını qiymətləri artırmağa məcbur edir. Bu böhran təkcə mobil telefon bazarından yan keçmir. Portativ oyun konsollarından tutmuş "Raspberry Pi" cihazlarına qədər bir çox texnoloji məhsullarda qiymət artımı və texniki göstəricilərin məcburi dəyişdirilməsi müşahidə olunur.





