"9to5Google" nəşrinin məlumatına görə, "Google" şirkətinin süni intellekt əsaslı qeyd aparma aləti artıq yalnız "Google Meet" ilə məhdudlaşmır. "Gemini" süni intellekti bundan sonra əyani görüşlərin, eləcə də "Zoom" və "Microsoft Teams" üzərindən keçirilən iclasların stenoqramını və xülasəsini hazırlaya biləcək.
Əyani görüşlər üçün dəstək əvvəllər yalnız alfa test mərhələsindəki istifadəçilər üçün və "Android" əməliyyat sistemində əlçatan idi. "Google" şirkətinin dəstək səhifəsində qeyd olunur ki, əgər iclasda fiziki olaraq iştirak etməyən şəxs görüşə qoşulmaq istəyərsə, prosesi adi videozəng formatına keçirmək mümkündür. Bu funksiya həmçinin qəfil yaranan müzakirələr üçün də keçərlidir. Şirkətin məlumatına görə, ondan istifadə etmək üçün xüsusi iclas otağında olmağa və ya görüşü əvvəlcədən planlaşdırmağa ehtiyac yoxdur.
İstifadəçilər mobil tətbiqdə və ya masaüstü versiyada "Google Meet" ana ekranına daxil olaraq "mənim üçün qeyd apar" (take notes for me) seçimini edə bilərlər. Bu zaman görüşün əyani və ya başqa platformada keçirilməsindən asılı olmayaraq səs yazısı başlayacaq. Daha sonra "Gemini" iclasın xülasəsini və görüləcək işlərin siyahısını "Google Doc" sənədində yaradacaq. Həmin sənəd qeydiyyatı başladan istifadəçinin "Google Drive" yaddaşında avtomatik saxlanılacaq.






