"Google" şirkəti səssiz-səmirsiz yeni "Google AI Edge Eloquent" tətbiqini istifadəyə verib. Bu proqram istifadəçilərə oflayn rejimdə, yəni internet bağlantısı olmadan səsi mətnə çevirmək imkanı yaradır. Tətbiq açıq mənbəli "Gemma" modelinə əsaslanan lokal süni intellekt vasitəsilə işləyir. Hazırda yalnız "Apple iOS" cihazları üçün nəzərdə tutulsa da, gələcəkdə "Android" əməliyyat sisteminə dərin inteqrasiya olunmuş versiyasının da buraxılacağı vəd edilir.
Proqram quraşdırıldıqdan sonra istifadəçi diktə etdikcə mətn real vaxt rejimində ekranda görünür. Fasilə zamanı tətbiq lazımsız parazit sözləri silir və cümlələri təkmilləşdirməyi təklif edir. Bundan əlavə, əsas məqamların xülasəsini yaratmaq, mətni rəsmi üsluba salmaq, həmçinin "Qısa" (Short) və "Uzun" (Long) formatlara çevirmək funksiyaları mövcuddur. Məlumatların yalnız lokal emalını təmin etmək üçün bulud rejimini tamamilə söndürmək mümkündür. Bulud texnologiyası əsasən mətnin təmizlənməsi prosesinə cavabdehdir.
"Google AI Edge Eloquent" tətbiqi "Gmail" yazışmalarından xüsusi açar sözlərin və jarqonların idxalını dəstəkləyir, həmçinin sözləri əl ilə əlavə etməyə imkan verir. Proqram bütün səsli deşifrə seanslarının tarixçəsini saxlayaraq axtarış funksiyasını təmin edir. Ekranda danışıq sürəti və tələffüz olunan sözlərin ümumi sayı kimi statistikalar göstərilir. Hazırda yalnız "Apple iOS" platformasında işləyən tətbiqin tezliklə "Android" sisteminə tam inteqrasiya olunacağı və standart klaviatura kimi istifadə ediləcəyi planlaşdırılır.






