Mystic Leaks adlı insayder tərəfindən paylaşılan 16 dəqiqəlik videoda "Google" şirkətinin fərdi kompüterlər üçün nəzərdə tutulan yeni "Aluminium OS" əməliyyat sistemi nümayiş olunur. Görüntülər rəsmi təqdimatdan qısa müddət əvvəl yayılıb və sistemin real işləmə prosesini əks etdirir.
Videoda "Android" loqosu olan yüklənmə ekranından sonra yeni cihazın quraşdırma prosesi görünür. Bu proses və ümumi istifadəçi interfeysi standart "Android" sisteminə çox bənzəsə də, noutbuklarda rahat istifadə üçün optimallaşdırılıb. Tapşırıqlar paneli və tətbiqlər menyusu "ChromeOS" istifadəçilərinə tanış gələcək. Lakin əsas ekranda artıq iş masası nişanları və "Google" axtarış sətri yer alır. Tənzimləmələr bölməsində isə cihazın əməliyyat sistemi "Android 17" olaraq göstərilir.
Nümayiş videosu ilə yanaşı, bu gün internetə "Googlebooks" adlı yeni cihazlar xəttinin şəkilləri də sızdırılıb. Ehtimal olunur ki, bu cihazlar məhz fərdi kompüterlər üçün nəzərdə tutulmuş yeni "Android" əməliyyat sistemi ilə işləyəcək noutbuklardır.
Qeyd edək ki, "Android Show I/O Edition 2026" tədbiri 12 may tarixində Sakit okean vaxtı ilə saat 10:00-da baş tutacaq. Şirkətin bu tədbirdə "Android" əməliyyat sisteminin gələcəyi ilə bağlı bir sıra mühüm açıqlamalar verəcəyi gözlənilir.






