Rəqəmsal oyun mağazası olan "GOG", 5 iyun tarixində göndərdiyi xəbər bülletenində nasist "Schutzstaffel" (SS) təşkilatının rəmzi olan qoşa "S" simvoluna bənzər işarələrdən istifadə etdiyi üçün üzr istəyib. Şirkət bu hadisəni bir sıra texniki səhvlər, o cümlədən şriftlərin yanlış render edilməsi və alman keyfiyyətə nəzarət (QA) komandası ilə kommunikasiya çatışmazlığı ilə əlaqələndirib.
Sözügedən bülleten slavyan mifologiyasına əsaslanan "The End of the Sun" adlı oyunun təqdimatı üçün hazırlanıb. "GOG" nümayəndələri bildiriblər ki, dizaynda slavyan runlarından, xüsusilə günəşi təmsil edən "Sowilō" simvolundan istifadə olunub. Lakin bəzi mobil platformalarda bu simvolun ϟ şəklində görünməsi və iki simvolun yan-yana düşməsi gözlənilməz və xoşagəlməz assosiasiyalar yaradıb.
Məsələ ilə bağlı "Reddit" platformasında açıqlama verən "GOG" təmsilçisi, bu riskin bəzi ölkələr üçün nəzərə alındığını və Almaniya bazarına göndərilən materiallardan həmin simvolların çıxarıldığını qeyd edib. Buna baxmayaraq, digər regionlardakı istifadəçilərə niyə bu cür göndərişin edilməsi və simvolların niyə qoşalaşdırılması ciddi suallar doğurub. Oyunun tərtibatçıları da öz növbəsində bu dizayn seçimindən xəbərsiz olduqlarını və vəziyyətdən təəccübləndiklərini bildiriblər.






