"Sony PlayStation" bölməsinin oyunlarda disk dəstəyindən imtina etməsi texnologiya dünyasında geniş müzakirələrə səbəb olub. Bu qərara cavab olaraq, "GitHub" platforması özünəməxsus bir zarafatla çıxış edib. Şirkət tərtibatçılara öz açıq repozitoriyalarını "CD-ROM" formatında fiziki olaraq əldə etməyi təklif edib.
Platforma rəsmi X hesabında bu addımı "Sony"-nin siyasətinə ironik bir cavab kimi təqdim edib. "GitHub" rəhbərliyi bildirib ki, kodun fiziki daşıyıcıda olması onun həmişəlik tərtibatçıya məxsus olmasını təmin edir. Bu məqsədlə "Microsoft Forms" üzərindən xüsusi bir müraciət forması yaradılıb.
Bu kampaniya necə işləyir?
Tərtibatçılar 2 iyul - 6 iyul 2026-cı il tarixləri arasında öz istifadəçi adlarını, repozitoriya linkini və çatdırılma məlumatlarını qeyd edərək müraciət edə bilərlər. "GitHub" qeyd edib ki, bu təklif məhdud saydadır və yalnız ilk 1000 müraciət edən şəxs kodunu fiziki diskdə ala biləcək. Şirkət toplanan məlumatların yalnız çatdırılma məqsədilə istifadə olunacağını vurğulayıb.
Qeyd edək ki, "Sony"-nin bu qərarı ilə bağlı "Domino’s" və "KFC" kimi brendlər də sosial şəbəkələrdə istehzalı paylaşımlar ediblər. "GitHub"-ın "Microsoft"-a məxsus olması isə diqqət çəkən digər məqamdır, çünki gələcək "Xbox" konsollarının da optik sürücülərdən məhrum ola biləcəyi barədə şayiələr dolaşır.






