"General Motors" şirkəti sürücülərin məkan və idarəetmə vərdişləri barədə məlumatlarını satdığına dair Kaliforniyada qaldırılan məhkəmə iddiasını həll etmək üçün 12,75 milyon ABŞ dolları ödəməyə razılaşıb. "Reuters" agentliyinin məlumatına görə, cümə günü təqdim edilən razılaşma çərçivəsində avtomobil istehsalçısı beş il ərzində müştəri məlumatlarını brokerlərə satmağı dayandıracaq. Həmçinin, Kaliforniyadakı sürücülərə "OnStar" xidmətinin məkan məlumatlarını toplamasına qadağa qoymaq imkanı veriləcək.
Şirkətə qarşı iddialar ilk dəfə 2024-cü ildə "The New York Times" nəşrinin hesabatından sonra kütləviləşib. Həmin hesabatda "GM" daxil olmaqla bir neçə avtomobil istehsalçısının sürət, sərt tormozlama və ani sürətlənmə kimi idarəetmə məlumatlarını sığorta şirkətləri ilə paylaşdığı üzə çıxmışdı. Sığortaçıların isə bu məlumatlar əsasında qiymətləri tənzimlədiyi bildirilirdi.
Bu ilin yanvar ayında ABŞ-ın Federal Ticarət Komissiyası da "GM" və onun "OnStar" törəmə şirkəti ilə oxşar razılaşma əldə edərək, sürücü məlumatlarının üçüncü tərəf brokerlərinə açıqlanmasını beş il müddətinə qadağan etmişdi. Kaliforniya ştatı ilə əldə olunan yeni razılaşmaya əsasən, şirkət sürücülər "OnStar" sisteminə qeydiyyatdan keçərkən məlumatların toplanması barədə aydın və nəzərə çarpan xəbərdarlıqlar təqdim etməlidir.
Bundan əlavə, avtomobil nəhəngi iddia çərçivəsində toplanmış bütün sürücü məlumatlarını silməli və gələcəkdə hər hansı məlumatı istifadə etməzdən əvvəl müştərinin razılığını almalıdır. Kaliforniya ştatının baş prokuroru Rob Bonta məsələ ilə bağlı mətbuat açıqlamasında bildirib:
"Bugünkü razılaşma "General Motors" şirkətindən bu qanunsuz təcrübələrdən əl çəkməyi tələb edir və məlumatların minimuma endirilməsinin vacibliyini vurğulayır. Şirkətlər məlumatları sadəcə saxlayıb daha sonra başqa məqsəd üçün istifadə edə bilməzlər."






