"Google" şirkəti bir neçə aydır üzərində işlədiyi "Gemini" tətbiqinin yeni dizaynını sınaqdan keçirməyə başlayıb. Tətbiqin əsas ekranında sorğular üçün yuvarlaq kənarları olan yeni sətir peyda olub. Bu sətrin sağ tərəfində səsli axtarış və "Gemini Live" funksiyasının aktivləşdirilməsi üçün ikonlar, solunda isə kamera və foto bölməsini açan "+" işarəsi yerləşdirilib.
Ekranın aşağı hissəsində fayllar, qeyd dəftərləri və digər yükləmələr üçün düymələr mövcuddur. Onlardan bir qədər aşağıda isə şəkillər, video, musiqi, kətan, dərinləşdirilmiş araşdırma və bələdçili təlim kimi alətlər sıralanıb. Şirkət bu unifikasiya edilmiş interfeysi "Android" və fərdi kompüterlər üçün veb-versiyada bir müddətdir sınaqdan keçirirdi, "macOS" versiyasında isə artıq tətbiq edilib.
Vizual dəyişikliklər arasında ən diqqətçəkən məqam qradiyent effektli rəngarəng və pulsasiya edən arxa fondur. Ekranın mərkəzində istifadəçini salamlama mətni və "Gemini" loqosu qarşılayır. Süni intellekt modelləri arasında keçid menyusu yenidən yuxarı sol küncə qaytarılıb. Həmçinin, incə və yuvarlaq konturlara malik yeni ikonlar dəstindən istifadə olunur. Hesablar arası keçid düyməsi isə naviqasiya blokunun aşağısına köçürülüb.
Çat bölməsində mühakimə addımlarını izləmək funksiyası əlavə menyuya keçirilib. "iOS" üçün nəzərdə tutulan versiyada isə tərtibatçılar "Liquid Glass" dizayn elementlərindən aktiv şəkildə istifadə ediblər. Hazırda yenilənmiş interfeys yalnız məhdud sayda istifadəçi üçün əlçatandır. Sınaq mərhələsi başa çatdıqdan sonra yeniliyin daha geniş kütləyə təqdim olunacağı gözlənilir.






