"G.Skill" şirkəti "DDR4" və "DDR5" operativ yaddaş dəstlərinin reklamında istifadə olunan sürət göstəriciləri ilə bağlı yaranan hüquqi mübahisəni yekunlaşdırıb. "TechPowerUp" portalının məlumatına görə, şirkət 2,4 milyon ABŞ dolları məbləğində təzminat ödəməyə razılaşıb. İddiaçılar şirkəti məhsulların faktiki sürətini düzgün göstərməməkdə və istifadəçiləri çaşdırmaqda günahlandırırdılar.
Məhkəmə iddiasına əsasən, "G.Skill" öz reklamlarında yaddaş modullarının maksimal sürətinin "XMP" və ya "EXPO" kimi xüsusi overclock (sürətləndirmə) profilləri olmadan əldə edilə biləcəyi təəssüratını yaradıb. Bundan əlavə, şirkət yüksək sürətli yaddaşların istifadəsi zamanı yarana biləcək sistem qeyri-sabitliyi və ya aparat zədələnmələri kimi risklər barədə istehlakçıları xəbərdar etməyib. "Trident Z" və "Ripjaws" seriyalı yaddaş dəstləri bu mübahisənin əsas mərkəzində yer alıb.
Kimlər kompensasiya ala bilər?
Kompensasiya almaq hüququ 31 yanvar 2018-ci il ilə 7 yanvar 2026-cı il tarixləri arasında "G.Skill" markalı müəyyən sürət göstəricilərinə malik yaddaş dəstləri alan şəxslərə şamil edilir. Ödəniş məbləğləri alınan dəstlərin sayından və texniki xüsusiyyətlərindən asılı olaraq 19,68 ABŞ dolları ilə 24,60 ABŞ dolları arasında dəyişir. Şirkət həmçinin gələcəkdə reklam materiallarında və qablaşdırmalarda maksimal sürətlərin yalnız "Intel XMP" və ya "AMD EXPO" vasitəsilə mümkün olduğunu açıq şəkildə qeyd etməyi öhdəsinə götürüb.






