"Framework" şirkəti hər zaman təmirə yararlılığı ilə seçilən noutbuklarının ən böyük çatışmazlıqlarını aradan qaldıraraq yeni "Framework Laptop 13 Pro" modelini nümayiş etdirib. Şirkətin baş direktoru Nirav Patel bu cihazın xüsusilə "Ubuntu" əməliyyat sistemi ilə sifariş edilə biləcəyini və hədəflərinin "Linux" istifadəçiləri üçün "MacBook Pro" yaratmaq olduğunu bildirib. Yeni model həm dizayn, həm də texniki göstəricilər baxımından əvvəlki nəsillərdən əhəmiyyətli dərəcədə fərqlənir.
Yeni dizayn və ekran xüsusiyyətləri
Bu, şirkətin 6000 seriyalı alüminium blokdan tamamilə frezelənmiş ilk noutbukudur. Cihaz haptik trekpəd və xüsusi olaraq hazırlanmış 13,5 düymlük, 3:2 nisbətli, 2.8K təsvir ölçülü IPS ekranla təchiz edilib. Ekran 30-120Hz dəyişkən yenilənmə tezliyinə, toxunma dəstəyinə və 700 nit parlaqlığa malikdir. Batareya ömrünü artırmaq məqsədilə rəng qamması 100 faiz sRGB ilə məhdudlaşdırılıb. Yeni model qara və gümüşü rəng seçimlərində təklif olunur.
Performans və batareya ömrü
Noutbuk "Intel Core Ultra Series 3" ("Panther Lake") prosessoru və LPCAMM2 yaddaş modulları ilə təmin edilib. 22 faiz daha böyük tutumlu 74Wh batareya sayəsində cihazın 20 saatlıq 4K "Netflix" yayımında 14 düymlük M5 "MacBook Pro" modelini geridə qoyduğu iddia edilir. Bundan əlavə, sistem 14 000 MB/s sürətə və 8 TB-a qədər tutuma malik PCIe 5.0 SSD yaddaşını, həmçinin "Dolby Atmos" sertifikatlı yeni dinamikləri dəstəkləyir. Yaddaş böhranına baxmayaraq, şirkət "Micron" ilə əməkdaşlıq edərək 16 GB, 32 GB və 64 GB modulları təmin edəcəyini açıqlayıb.
Modul dizayn və qiymətlər
Ən diqqətçəkən məqamlardan biri yeni modelin mövcud "Framework Laptop 13" hissələri ilə tam uyğunluq təşkil etməsidir. Qalınlığı 15,85 mm olaraq qalan cihazın çəkisi cüzi artaraq 1,3 kq-dan 1,4 kq-a yüksəlib. İstifadəçilər tamamilə yeni noutbuk almaq əvəzinə, sadəcə yeni prosessoru, ekranı və ya klaviaturanı alaraq köhnə cihazlarını yeniləyə bilərlər. İstəyə görə, sistemi ötən ilki "AMD Ryzen AI 300" lövhələri ilə də konfiqurasiya etmək mümkündür.
"Framework Laptop 13 Pro" modelinin ilkin sifarişlərinə artıq başlanılıb və ilk partiyanın iyun ayında çatdırılması planlaşdırılır. "Intel Core Ultra 5 325", 16 GB LPCAMM2 yaddaş və 512 GB daxili yaddaşa malik hazır modelin qiyməti 1 499 ABŞ dolları, istifadəçinin özü yığacağı (DIY) versiyanın qiyməti isə 1 199 ABŞ dolları təşkil edir. Yeni model 100W GaN şarj cihazı ilə birlikdə gəlir.






