"Xbox Game Studios" tərəfindən yayımlanan və Britaniyanın "Playground Games" studiyası tərəfindən yaradılan "Forza Horizon 6" oyunu satışa çıxmazdan əvvəl ilk xallarını toplayıb. "Metacritic" platformasında 100-dən çox rəy əsasında oyunun "PC" versiyası 89%, "Xbox" versiyası isə 92% reytinq əldə edib. "OpenCritic" aqreqatorunda isə 75 baxışa əsasən orta bal 91% təşkil edir və jurnalistlərin 100%-i oyunu tövsiyə edir.
Bu nəticələrlə yeni layihə seriyanın ən yüksək qiymətləndirilən oyunları olan "Forza Horizon 5" və "Forza Horizon 4" (maksimum 92%) ilə eyni səviyyədə qərarlaşıb. Hətta 91% reytinqə malik "Forza Horizon 3" oyununu da cüzi fərqlə geridə qoymağı başarıb.
Oyunun üstünlükləri və mənfi cəhətləri nələrdir?
Tənqidçilər Yaponiyada yaradılmış açıq dünyanı, lisenziyalı avtomobillərin geniş seçimini və qrafikanı xüsusi tərifləyiblər. Həmçinin, idarəetmənin rahatlığı və musiqi seçimi də müsbət qarşılanıb. Lakin oyunda həqiqətən yeni ideyaların olmaması, bəzi yarışların maraqsız keçməsi və süjet xəttinin zəifliyi əsas mənfi cəhətlər kimi qeyd edilib. "PC Gamer" nəşrinin müəllifi vəziyyəti belə xülasə edib:
"Bu, bütün çatışmazlıqları və bir çox üstünlükləri ilə birlikdə növbəti bir 'Forza Horizon' oyunudur."
"Forza Horizon 6" nə vaxt çıxacaq?
Oyun rəsmi olaraq 19 may tarixində "PC" ("Steam", "Microsoft Store"), "Xbox Series X", "Xbox Series S" platformalarında və "Game Pass" (Ultimate, PC) xidmətində istifadəyə veriləcək. Layihənin "PS5" konsoluna gəlişi isə 2026-cı ilə planlaşdırılıb.
Oyunun 100 ABŞ dolları dəyərində olan premium nəşrini əldə edən istifadəçilər isə 15 may tarixindən etibarən yarışlara erkən giriş imkanı qazanacaqlar.






