"Xbox" şirkətinin tərkibində fəaliyyət göstərən Britaniyanın "Playground Games" studiyası, "Forza Horizon 6" oyununun sızdırılmasına sərt reaksiya verib. Rəsmi buraxılışdan əvvəl oyunu qeyri-qanuni yollarla əldə edən istifadəçilər növbəti 8 min il müddətinə bloklanıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qaydaları pozan şəxslər "çit və ya qadağan olunmuş modifikasiya" səbəbi ilə 31 dekabr 9999-cu il tarixinədək cəzalandırılıblar. Xatırladaq ki, tərtibatçıların ehtimal edilən səhvi ucbatından oyunun 155 GB-dan çox şifrələnməmiş məlumatı "Steam" platformasının açıq yenilənmə bölməsinə yüklənmişdi. Bu boşluqdan istifadə edən hakerlər DRM müdafiəsini asanlıqla qıraraq, rəsmi təqdimata doqquz gün qalmış oyunu torrent saytlarına sızdırıblar.
"Playground Games" studiyası rəsmi mikrobloqunda sızmanın ilkin yükləmə problemi ilə bağlı olmadığını bildirib və oyunçuları pirat versiyalardan uzaq durmağa çağırıb. Şirkətin bəyanatında deyilir:
"Biz bu versiyaya giriş əldə edən şəxslərə qarşı sərt tədbirlər görürük, o cümlədən franşiza və aparat təminatı səviyyəsində bloklanmalar tətbiq edirik. Azarkeşləri oyunun 19 may tarixindəki rəsmi buraxılışını səbirlə gözləməyə çağırırıq."Gözlənilən yarış arkadası 19 may tarixində "PC" ("Steam", "Microsoft Store"), "Xbox Series X", "Xbox Series S" və "Game Pass" ("Ultimate", "PC") platformalarında istifadəyə veriləcək. Oyunun "PS5" konsoluna isə 2026-cı ildə gələcəyi planlaşdırılır. Qeyd edək ki, qiyməti 100 ABŞ dolları olan premium nəşri alan istifadəçilər oyuna 15 may tarixindən etibarən giriş əldə edə biləcəklər.






