"Xbox Game Studios" nəşriyyatının və Britaniyanın "Playground Games" studiyasının təqdim edəcəyi "Forza Horizon 6" oyununun rəsmi buraxılışına hələ bir həftədən çox vaxt qalsa da, piratlar artıq oyuna giriş əldə ediblər. "Reddit" istifadəçilərinin məlumatına görə, tərtibatçılar səhvən oyunun 155 GB-dan çox şifrələnməmiş faylını (yükləmə həcmi 139,5 GB) "Steam" platformasının açıq yenilənmə bölməsinə yükləyiblər.
Bu hadisə ilə bağlı "Reddit" istifadəçisi L30R0D belə münasibət bildirib:
"Bu, ya bağışlanmaz bir səhvdir, ya da təxribatdır. İstənilən halda, kimisə işdən qovacaqlar.""Steam" özünün DRM müdafiə sisteminə malik olsa da, "Forza Horizon 6" oyununda "Denuvo" kimi güclü antipirat sistemi istifadə edilmədiyi üçün hakerlər bu maneəni asanlıqla aşıblar. Artıq oyun torrent saytlarında və fayl mübadiləsi şəbəkələrində aktiv şəkildə yayılır. Hətta Boobooman adlı istifadəçi "YouTube" kanalında oyunun giriş hissəsindən 1,5 dəqiqəlik video da paylaşıb.
Gözlənilən yarış oyunu 19 may tarixində PC ("Steam", "Microsoft Store"), "Xbox Series X", "S" və "Game Pass" ("Ultimate", "PC") üçün işıq üzü görəcək. Oyunun "PS5" konsoluna isə 2026-cı ildə gələcəyi planlaşdırılır. Qiyməti 100 ABŞ dolları olan premium nəşri alanlar oyuna 15 maydan etibarən daxil ola biləcəklər. Yeni seriyada oyunçulara Yaponiyanın açıq dünyası, fəsillərin dəyişməsi və başlanğıcda 550-dən çox avtomobil, o cümlədən "2025 GR GT Prototype" və "2025 Toyota Land Cruiser" modelləri vəd edilir.






