"Epic Games" şirkətinin məşhur "Fortnite" oyunu təxminən altı ildən sonra Rusiyanın "App Store" platformasına geri dönüb. Lakin bu uzunmüddətli fasilədən sonrakı qayıdış şirkət üçün cərimə ilə nəticələnib. Moskva şəhəri Taqanski rayonunun 422 nömrəli məhkəmə sahəsinin hakimi tərəfindən qəbul edilən qərara əsasən, tərtibatçıya 2 milyon rus rublu məbləğində cərimə kəsilib.
"İnterfaks" agentliyinin məlumatına görə, "Epic Games" Rusiya vətəndaşlarının fərdi məlumatlarının toplanması və saxlanması ilə bağlı qanunvericiliyin tələblərini yerinə yetirməməkdə təqsirli bilinib. Şirkət istifadəçi məlumatlarının qeydiyyatı, sistemləşdirilməsi və dəqiqləşdirilməsi öhdəliklərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinə əsasən cəzalandırılıb. Qeyd edək ki, yaz aylarında "Electronic Arts", "Take-Two Interactive", "Battlestate Games" və "NetEase" şirkətləri də eyni səbəbdən hər biri 2 milyon rus rublu, "Embracer Group" isə 1 milyon rus rublu məbləğində cərimələnib. Hazırda məhkəmə "Warframe" oyununun tərtibatçısı olan "Digital Extremes" şirkətinə qarşı qaldırılmış iddiaya da baxır.
Bütün bu cərimələr "Roskomnadzor" tərəfindən irəli sürülən təşəbbüslərin nəticəsidir. Qurum xarici şirkətlərdən Rusiya qanunvericiliyinə ciddi riayət etməyi tələb edir. Lakin rəsmi məlumata görə, fərdi məlumatları lokallaşdırmaqdan imtina edən xarici şirkətlərin oyunlarının Rusiya ərazisində bloklanması üçün hələlik heç bir plan və ya əsas yoxdur.






