Robot texnologiyaları sahəsində fəaliyyət göstərən "Figure" şirkəti özünün "Figure 02" (F.02) insanabənzər robotlarının utilizasiyası üçün maraqlı bir addım atıb. Köhnəlmiş modellərin saxlanılmasının və ya hissələrə ayrılmasının vaxt aparacağını nəzərə alan şirkət, onları əridilmiş metal çəninə ataraq məhv etmək qərarına gəlib. Bu qərar həm də robotların xüsusi qorunan komponentlərinin başqalarının əlinə keçməsinin qarşısını almaq məqsədi daşıyır.
Bu proses necə həyata keçirilib?
Utilizasiya prosesində məşhur aktyor Arnold Şvartsenegger də iştirak edib. O, "Terminator 2" filminə istinad edərək, robotlardan birini zəncirlə sobaya endirib. Maraqlıdır ki, digər robotlar özləri sərbəst şəkildə sobaya tullanıblar və hətta bəziləri bu zaman salto nümayiş etdiriblər. "Figure" nümayəndələri vurğulayıblar ki, videoda heç bir kompüter qrafikasından istifadə olunmayıb.
Nə üçün bu üsul seçilib?
Robotların lityum-ion batareyaları ilə təchiz olunması səbəbindən ABŞ və Meksikadakı bir çox zavod bu təhlükəli tapşırıqdan imtina edib. Nəticədə, layihə Finlandiyanın İmatra şəhərindəki bir zavodda reallaşdırılıb. Robotların hərəkətləri əvvəlcə Kaliforniya, San-Xose-dəki qərargahda kaskadyorların köməyi ilə simulyasiya edilib və dəqiqləşdirilib.
Şirkət əridilmiş robotlardan qalan materialı ABŞ-a geri gətirərək onlardan suvenirlər hazırlamağı planlaşdırır. Hazırda kiçik ölçülü suvenirlər üçün 500 ABŞ dolları, daha böyük versiyalar üçün isə 1900 ABŞ dolları dəyərində ilkin sifarişlər qəbul edilir. Məhv edilən robotların dəqiq sayı açıqlanmasa da, bir neçə nüsxənin şirkətin qərargahında saxlanıldığı bildirilir.






