"Battlestate Games" şirkətinin rəhbəri və "Escape from Tarkov" oyununun baş tərtibatçısı Buyanov yeni elan edilmiş "Fragmentary Order" adlı elmi-fantastik şuter barədə açıqlama verib. O, yeni layihənin 100-dən çox oyun və kino sənayesi veteranını birləşdirən "Rant Gaming Studios" tərəfindən hazırlandığını bildirib. Buyanov təsdiqləyib ki, bu yeni studiya ona məxsusdur, lakin "Battlestate Games" ilə heç bir əlaqəsi yoxdur.
Tərtibatçı uzun illərdir ki, sərt elmi-fantastika janrında bir oyun yaratmaq arzusunda olduğunu vurğulayıb. O, yeni layihə ilə bağlı fikirlərini belə ifadə edib:
"Gələcəyi proqnozlaşdırma yanaşması ilə yeni bir kainata nəfəs vermək və əlbəttə ki, 'Tarkov'da etdiyim kimi janra yenilik qatmaq istəyirəm. İndi həyatım ikiqat çətinləşdi."
"Fragmentary Order" oyununun elanından sonra bəzi pərəstişkarlar Buyanovun "Escape from Tarkov" layihəsindən uzaqlaşacağından narahat olublar. Lakin rəhbər bu iddiaları qəti şəkildə rədd edərək, əsas oyununun onun həyatı olduğunu qeyd edib. O, nə olursa olsun, "BSG" ailəsi ilə birlikdə bu layihə üzərində işləməyə davam edəcəyini bildirib və azarkeşlərə dəstəkləri üçün təşəkkür edərək "yaşasın hardkor" şüarını səsləndirib.
Qeyd edək ki, "Fragmentary Order" yalnız "PC" platforması üçün hazırlanır. Tərtibatçılar gələcək nəsil çoxnəfərli taktik döyüş simulyatoru, detallı silah mexanikası, geniş xəritələr və nəqliyyat vasitələri vəd edirlər. Oyunun ilk kütləvi sınaqlarının 2026-cı ildə keçirilməsi planlaşdırılır.






