2024-cü ilin yazında üç ayrı kütləvi şirkətə bölünən İsveç holdinqi "Embracer Group", iki ildən bir qədər çox vaxt keçdikdən sonra biznesində növbəti transformasiyanı həyata keçirmək qərarına gəlib. Xatırladaq ki, əvvəllər holdinqin tərkibindən "Asmodee Group" və "Coffee Stain Group" (keçmiş "Coffee Stain & Friends") ayrılmışdı. 2027-ci ildə isə növbə "Fellowship Entertainment" (keçmiş "Middle-earth Enterprises & Friends") şirkətinə çatacaq.
Bölünmədən sonra "Fellowship Entertainment" əsas diqqətini oyunların hazırlanması, nəşri və lisenziyalaşdırılmasına yönəldəcək. Təşkilatın portfelinə "The Lord of the Rings", "Tomb Raider", "Dead Island", "Kingdom Come: Deliverance" və "Metro" kimi populyar franşizalar daxil ediləcək.
"Embracer" şirkətinin direktorlar şurasının sədri Lars Vingefors (Lars Wingefors) bildirib ki, "Fellowship Entertainment" özünün əsas franşizalarını müstəqil şəkildə, digərlərini isə xarici tərəfdaşlıqlar çərçivəsində inkişaf etdirəcək. O, bu barədə belə qeyd edib:
"Biz 'Saints Row', 'Legacy of Kain', 'Deus Ex', 'Red Faction', 'The Mask', 'Thief', 'TimeSplitters' və bir çox digər tanınmış franşizalarımızla bağlı xarici tərəfdaşlıq imkanlarını daha fəal şəkildə öyrənəcəyik".
Bölünmədən sonra "Embracer" müxtəlif biznes sahələrində maraqları olan və birləşmə, eləcə də satınalma əqdlərinə diqqət yetirən mərkəzləşdirilməmiş təşkilat kimi fəaliyyətini davam etdirəcək. Şirkətin portfelində "Destroy All Humans!", "Desperados", "Gothic", "Killing Floor", "Kingdoms of Amalur", "Reanimal", "Titan Quest" və "Wreckfest" oyunları qalacaq. Həmçinin, "Hot Wheels Unleashed" və "SpongeBob SquarePants" üçün lisenziyalar da holdinqdə qorunacaq.






