Rəsmi məlumatların olmamasına baxmayaraq, "Bandai Namco" və "FromSoftware" tərəfindən "Nintendo Switch 2" üçün hazırlanan "Elden Ring: Tarnished Edition" oyununun buraxılışı yaxınlaşır. İlkin olaraq 2025-ci ilin sonuna planlaşdırılan bu versiya, əlavə optimallaşdırma məqsədilə 2026-cı ilə təxirə salınmışdı. Çilili bloqer Edu2407dito tərəfindən aşkar edilən məlumata görə, Kanadanın "PNP Games" mağazası oyunun çıxış tarixini səhvən yayımlayıb.
Sızdırılan məlumatlara əsasən, "Nintendo Switch 2" istifadəçiləri üçün nəzərdə tutulan xüsusi buraxılış 10 iyul tarixində satışa çıxarılacaq. Hadisədən qısa müddət sonra "PNP Games" saytı bu tarixi 31 dekabr 2026-cı il kimi dəyişdirsə də, ilkin məlumat artıq internetdə yayılıb. Qeyd edək ki, yeni nəşrə "Shadow of the Erdtree" əlavəsi və tamamilə yeni məzmunlar daxildir. Bura yeni zireh dəstləri, silahlar, xarakter sinifləri və minik heyvanı üçün xüsusi görünüşlər aiddir. Digər platformalardakı oyunçuların bu yeniliklər üçün əlavə ödəniş etməsi gözlənilir.
"Game Developers Conference 2026" tədbirindən əldə edilən məlumatlar göstərir ki, buraxılışın təxirə salınması oyuna müsbət təsir edib. "Gamescom 2025" sərgisindəki "fəlakətli" vəziyyətlə müqayisədə, oyun hazırda daha stabil işləyir və görüntü keyfiyyəti ilə təəccübləndirməyi bacarır. Xatırladaq ki, orijinal "Elden Ring" 25 fevral 2022-ci ildə PC ("Steam"), "PS4", "PS5", "Xbox One", "Xbox Series X" və "S" platformalarında işıq üzü görüb. Layihə "The Game Awards 2022" tədbirində əsas mükafata layiq görülüb və indiyədək 30 milyon nüsxədən çox satılıb.






