Tanınmış modder və datamayner Lens Makdonald (Lance McDonald) "Elden Ring" oyununun fayllarında gizlədilmiş beş dəqiqəlik kəsilmiş səhnəni bərpa edib. Videoda oyunun ən sirli personajlarından biri olan Mikellanın öz əkiz bacısı Maleniya ilə oyunçuların döyüşdüyü məkanda – Müqəddəs Ağacın (Haligtree) fidanını əkdiyi və onu öz qanı ilə suladığı aydın görünür. Səhnədə Mikella həm bacısına, həm də oyunçuya müraciət edərək deyir: "Mənim əziz əkizim, bu bolluq hədiyyəsini qəbul et. Əgər taxta can atırsansa, mənim baxışımı qəlbinə həkk et. Sənin yeni dünyanda istər gözəl, istərsə də pis hər şey çiçəklənəcək".
Makdonaldın sözlərinə görə, bu süjet səhnəsi Dairəvi Masa qalasında (Roundtable Hold) alim Gideon Ofnirdən Dektus medalionunun sol yarısını aldıqdan sonra nümayiş olunmalı idi. Lakin oyunun yekun versiyasında istifadəçilər bu artefaktı özləri tapırlar. Bərpa edilmiş videoçarx "Shadow of the Erdtree" DLC-si ilə müqayisədə Mikellanın daha erkən və xeyirxah obrazını nümayiş etdirir. Bu tapıntı "Elden Ring" azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb və bəzi istifadəçilər səhnənin onlarda "tükləri biz-biz edən" bir təəssürat yaratdığını bildiriblər.
Xatırladaq ki, "Elden Ring" 25 fevral 2022-ci ildə "PC" ("Steam"), "PS4", "PS5", "Xbox One", "Xbox Series X/S" platformalarında buraxılıb və 2026-cı ildə "Switch 2" konsoluna gələcəyi gözlənilir. Eyni zamanda, oyunun motivləri əsasında filmin istehsalı davam edir və şayiələrə görə, çəkilişlərə bu həftə başlanılacaq.






