Çərşənbə axşamı "GameStop" şirkətinin baş direktoru Rayan Koenə göndərilən məktubda "eBay" rəhbərliyi bu təklifi qəbulolunmaz hesab etdiyini bildirib. Direktorlar şurası qeyd edib ki, irəli sürülən təklif "nə inandırıcı, nə də cəlbedicidir". Qərarın əsas səbəbi kimi əməliyyat riskləri və satınalmanın necə maliyyələşdiriləcəyi ilə bağlı yaranan suallar göstərilib.
"eBay" rəhbərliyi qərar verərkən altı əsas amili nəzərə aldığını vurğulayıb. Bunlara şirkətin müstəqil inkişaf perspektivləri, maliyyələşdirmə təklifinin qeyri-müəyyənliyi və birləşmənin uzunmüddətli gəlirliliyə təsiri daxildir. Həmçinin, ortaq müəssisənin idarəetmə strukturu, bu amillərin ümumi dəyərləndirməyə təsiri və "GameStop" rəhbərliyinin idarəetmə prinsipləri də diqqət mərkəzində olub.
Şirkətin rəsmi açıqlamasında "eBay"-in güclü və dayanıqlı bir biznes olduğu qeyd edilib:
"Biz strateji diqqətimizi artırmış, icra proseslərini gücləndirmiş və səhmdarlarımıza davamlı olaraq kapital qaytarmışıq. İdarə heyəti əmindir ki, şirkət mövcud rəhbərlik altında davamlı böyüməni təmin etmək üçün əlverişli mövqedədir."
Məlumata görə, "GameStop" satınalmanı həyata keçirmək üçün 20 milyard ABŞ dolları məbləğində borc maliyyələşdirməsi əldə etdiyini bildirsə də, qalan məbləğin haradan gələcəyini izah etməyib. Qeyd edək ki, "eBay" ötən həftə bu gözlənilməz təklifi almazdan əvvəl "GameStop" ilə heç bir müzakirə aparmadığını açıqlamışdı.





