"Electronic Arts" şirkəti uzun müddətdir gözlənilən "EA Sports FC 27" futbol simulyatorunun anons tarixini açıqlayıb. Məlumatlara görə, oyunun ilk rəsmi treyleri 23 iyul tarixində, Bakı vaxtı ilə saat 20:00-da (Moskva vaxtı ilə 19:00) nümayiş olunacaq. Bu addım, tanınmış insayder billbil-kun tərəfindən daha əvvəl yayılan proqnozları tamamilə təsdiqləyir.
Şirkət həmçinin oyunun ən bahalı versiyası olan "EA Sports FC 27 Ultimate Edition"-ın üz qabığında yer alacaq futbolçunun adını da açıqlayıb. Madridin "Real" klubunun hücumçusu və dünya çempionatının bombardiri Kilian Mbappe oyunun siması olacaq. Mbappe bu əməkdaşlıqdan qürur duyduğunu bildirərək, oyunçuların yeni layihəni sınaqdan keçirməsini səbirsizliklə gözlədiyini qeyd edib.
Qeyd edək ki, Kilian Mbappe daha əvvəl "FIFA 21", "FIFA 22" və "FIFA 23" oyunlarının üz qabığında yer alıb, lakin bu, onun "EA Sports FC" brendi altında çıxan oyunda ilk belə təcrübəsi olacaq. İnsayderlərin məlumatına görə, oyunun 25 sentyabr 2026-cı il tarixində satışa çıxarılması planlaşdırılır. Layihə "PC", "PS4", "PS5", "Xbox One", "Xbox Series X/S", "Nintendo Switch" və "Switch 2" platformaları üçün əlçatan olacaq, "Ultimate Edition" sahibləri isə oyuna 8 gün əvvəl giriş əldə edəcəklər.






