Finlandiyanın "Donut Lab" şirkəti tərəfindən təqdim edilən və elektrik nəqliyyat vasitələri üçün inqilabi hesab edilən bərk cisimli batareya texnologiyasının saxta olduğu müəyyən edilib. Şirkət 400 Vt·saat/kq enerji sıxlığı, 5 dəqiqəlik enerji doldurma müddəti və 100 min dövrlük ömür kimi fantastik göstəricilər vəd edərək 1300-dən çox kiçik investorun etibarından istifadə edib. Ümumilikdə, bu layihə vasitəsilə təxminən 25 milyon ABŞ dolları vəsait toplanıb.
Texniki saxtakarlıq necə aşkarlandı?
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, "Donut Lab"-ın batareyası iddia edildiyi kimi natrium-ion deyil, adi litium-ion texnologiyasına əsaslanır. Batareyanın doldurulma qrafikindəki xarakterik əyrilər və qrafit anodun genişlənmə prosesi onun məhz litium-ion batareyası olduğunu sübut edir. VTT Technical Research Centre of Finland tərəfindən aparılan testlərdə isə batareyanın enerji tutumunun 298 Vt·saat/kq olduğu müəyyən edilib ki, bu da iddia edilən göstəricilərdən xeyli aşağıdır.
Fırıldağın arxasında kimlər dayanır?
Araşdırmalar göstərir ki, "Donut Lab" şirkəti istehsalatla deyil, yalnız aqressiv marketinq və vəsait toplamaqla məşğul olub. Batareyanın hazırlanmasında adı keçən "CT Coatings" şirkətinin bu sahədə heç bir təcrübəsi olmadığı halda, "Nordic Nano" şirkəti istehsal prosesində məhsulun keyfiyyətsizliyindən şikayət etməyə başlayıb. Həmçinin, "Verge Motorcycles" motosikletlərinin bu batareyalarla kütləvi istehsalı barədə yayılan xəbərlərin də yalan olduğu təsdiqlənib. Hazırda Finlandiya hakimiyyəti sözügedən şirkətlər qrupu barəsində rəsmi araşdırmalara başlayıb.






