"Discord" şirkəti "Nitro" abunəçiləri üçün nəzərdə tutulmuş yeni "Nitro Rewards" proqramını rəsmən təqdim edib. Bu təşəbbüs çərçivəsində istifadəçilər "Microsoft", "Logitech" və "SteelSeries" kimi tərəfdaşların təkliflərindən yararlana biləcəklər. Proqramın ən diqqətçəkən xüsusiyyəti isə "Nitro" üzvlərinə heç bir əlavə xərc tələb olunmadan "Xbox Game Pass" başlanğıc paketinin verilməsidir.
Ötən ay sızdırılan məlumatları təsdiqləyən bu başlanğıc paketi fərdi kompyuter və "Xbox" sahiblərinə 50-dən çox oyunu yükləmək imkanı yaradır. Bu siyahıya "Fallout 4", "Stardew Valley" və "DayZ" kimi məşhur layihələr daxildir. Bundan əlavə, paketə ayda 10 saatlıq "Xbox Cloud Gaming" yayımı və "Xbox Store" mağazasında illik 25 ABŞ dolları qazanmaq şansı da əlavə edilib.
Yeni proqram təkcə oyunlarla məhdudlaşmır. "Nitro" abunəçiləri "Logitech G" məhsullarına 30 faizədək, "SteelSeries" avadanlıqlarına 15 faiz, "KontrolFreek" aksesuarlarına isə 20 faiz endirim əldə edəcəklər. Həmçinin, istifadəçilərin hesabına hər ay avtomatik olaraq 250 "Orbs" (avatar bəzəkləri və oyun içi bonuslar üçün istifadə edilən daxili valyuta) köçürüləcək.
"Discord" şirkətinin məhsul üzrə baş direktoru Lu Zhang yeniliklə bağlı fikirlərini bölüşüb:
"'Logitech' və 'SteelSeries' ilə yanaşı, 'Xbox'-un da əsas tərəfdaş kimi bizə qoşulması bu proqramın potensialını göstərən güclü bir siqnaldır. Biz böyüdükcə daha çox üstünlüklər əlavə etmək üçün yeni imkanlar axtarmağa davam edəcəyik."






