"IGN" nəşri özünün "IGN First" rubrikası çərçivəsində "Blizzard Entertainment" şirkətinin məşhur "Diablo IV" oyunu üçün hazırlanan "Lord of Hatred" əlavəsinin eksklüziv nümayişini həyata keçirib. Təqdim edilən 12 dəqiqəlik geympley videosu izləyicilərə yeni məzmun barədə ətraflı məlumat verir. Süjetə əsasən, bəşəriyyəti məhv etməyə çalışan Mefisto Cəhənnəm qüvvələrini Sanktuari üzərinə yönəldib. Hadisələrin əsas mərkəzi isə Skovos regionu olacaq.
Yeni genişlənmədə oyunçular iki yeni sinfi — paladin və qara cadugəri idarə etmək imkanı qazanacaqlar. Yayımlanan videoda paladinin Skovos bölgəsinə səyahətinin başlanğıcı və Mefisto tərəfindən çağırılan süjet bossu ilə gərgin döyüş öz əksini tapıb. Yenilənmiş geympley, animasiyaların keyfiyyəti və ara videoları pərəstişkarları dərindən təsirləndirib. Hətta istifadəçilərdən biri olan runner9528 bu barədə
"Diablo IV-də gördüyüm ən yaxşı boss"şərhini yazıb.
Oyunçuların əsas məqsədi köhnə dostların və gözlənilməz müttəfiqlərin dəstəyini alaraq Mefisto-nun Yaradılış Sularına çatmağına mane olmaqdır. Tərtibatçılar "Diablo IV: Lord of Hatred" əlavəsində demonlarla mübarizə ilə dolu maraqlı süjet kampaniyası vəd edirlər. Bununla yanaşı, oyuna çoxlu sayda yeni mexanikalar əlavə ediləcək və köhnə sistemlər, o cümlədən endgeym məzmunu qlobal şəkildə yenilənəcək.
Gözlənilən "Diablo IV: Lord of Hatred" genişlənməsi 28 aprel tarixində "PC" ("Steam", "Battle.net"), "PS4", "PS5", "Xbox One", "Xbox Series X" və "S" platformaları üçün işıq üzü görəcək. Yeni əlavənin qiyməti 40 ABŞ dolları təşkil edir. Qeyd etmək lazımdır ki, standart nəşrin paketinə əvvəlki "Vessel of Hatred" əlavəsi də daxil edilib.






