"Debian" layihəsi tərəfindən qəbul edilən yeni qaydalara əsasən, tərtibatçılar proqram təminatının hazırlanması, saxlanılması və sənədləşdirilməsi proseslərində süni intellekt alətlərindən istifadə edə bilərlər. Layihənin rəsmi mövqeyinə görə, süni intellektin tətbiqi nə qadağan edilir, nə də xüsusi olaraq dəstəklənir. Bununla belə, "Debian" süni intellektin məsuliyyətli istifadəsinin tərtibatçıların məhsuldarlığını artıra biləcəyini vurğulayır.
Layihə daxilində keçirilən səsvermə zamanı süni intellektlə yaradılan kodların tamamilə qadağan edilməsi kimi bir sıra alternativ təkliflər də müzakirə olunub. Lakin yekun qərarla süni intellekt vasitəsilə hazırlanan töhfələrin də "Debian"ın mövcud keyfiyyət, düzgünlük və hüquqi uyğunluq standartlarına cavab verməli olduğu müəyyənləşib. Tərtibatçılar təqdim etdikləri hər hansı bir işə görə şəxsən məsuliyyət daşımağa davam edirlər.
Yeni siyasətə görə, tərtibatçılardan süni intellekt alətlərindən istifadə etdiklərini açıqlamaları tələb olunmur, lakin bu, tövsiyə edilir. "Debian" rəhbərliyi xəbərdarlıq edir ki, süni intellekt tərəfindən yaradılan materialların insan nəzarəti olmadan, yoxlanılmadan və test edilmədən sistemə daxil edilməsi layihənin təcrübələrinə ziddir. Qeyd edək ki, bu qərar bəzi istifadəçilər tərəfindən narazılıqla qarşılanıb və hətta bəzi töhfə verənlərin layihəni tərk etməsinə səbəb olub.






