"dBASE" necə yarandı və inkişaf etdi?
Vaxtilə populyar olan "dBASE" relyasiya verilənlər bazası idarəetmə sisteminin (VBİS) rəsmi veb-saytı fəaliyyətini dayandırıb. "The Register" nəşrinin məlumatına görə, "Delphi Nightmares" bloqunda dərc edilən "dBASE: 1979–2026" adlı məqalədən qısa müddət sonra store.dbase.com ünvanındakı onlayn mağaza da yoxa çıxıb. Nəşr qeyd edir ki, 47 illik fəaliyyətdən sonra "dBASE" tarixi rəsmən başa çatıb.
Sistemin kökləri NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında (JPL) "Univac 1108" kompüterləri üçün yazılmış "JPLDIS" alətinə gedib çıxır. Bu proqram Cek Hetfild (Jack Hatfield) və Ceb Lonq (Jeb Long) tərəfindən yaradılmışdı. Daha sonra Ueyn Ratliff (C. Wayne Ratliff) kodu "IMSAI 8080" mikrokompüteri üçün yenidən yazaraq onu "Vulcan" adı ilə 50 ABŞ dolları müqabilində satmağa çalışsa da, bu cəhd uğursuzluqla nəticələnmişdi.
Böyük uğur və bazar liderliyi necə əldə olundu?
Uğursuzluqdan sonra sahibkar Ed Teyt (Ed Tate) Ratliffi işə götürdü və "Ashton-Tate" şirkətini qurdu. Məhsulun adı dəyişdirilərək "dBASE II" oldu və qiyməti kəskin artırıldı. "Autodesk" şirkətinin qurucusu Con Uoker (John Walker) 1982-ci ildə qeyd edirdi ki, bu proqram təminatı hər biri 800 ABŞ dolları olmaqla sürətlə satılırdı. Həmin il "dBASE II" "IBM PC" üçün ilk kommersiya biznes tətbiqlərindən birinə çevrildi.
Sistem 1980-ci illər ərzində sənaye standartı olaraq qaldı. 1984-cü ildə "dBASE III", 1986-cı ildə isə "dBASE III+" versiyaları istifadəyə verildi. Lakin 1988-ci ildə buraxılan "dBASE IV" versiyasına vəd edilən kompilyatorun daxil edilməməsi rəqiblər üçün yeni imkanlar yaratdı. Bazarda aşağıdakı güclü alternativlər peyda oldu:
- "Computer Associates" tərəfindən alınan və kompilyasiyanı dəstəkləyən "Clipper";
- Sonradan "Microsoft" tərəfindən alınıb "Visual FoxPro" adlandırılan "FoxBase".
Sistemin tənəzzülünə nə səbəb oldu?
"Ashton-Tate" və "dBASE" üçün əsas problem proqramlaşdırma dilinin "xBase" adı altında standartlaşdırılması oldu. Bu addım lisenziya problemlərindən qaçmaq üçün atılsa da, fayl formatının digər tətbiqlər tərəfindən geniş istifadəsinə yol açdı. Bazarda çoxlu sayda klonlar və açıq mənbəli (open source) həllər peyda oldu. Formatın standartlaşdırılması "dBASE LLC" şirkətinin gəlir əldə etməsini qeyri-mümkün etdi və onun fəaliyyətinə son qoydu. Buna baxmayaraq, "xBase" ailəsi bu gün də mövcudluğunu qoruyub saxlayır.






