"Nvidia" şirkətinin köhnə oyunları yol izləmə (path tracing) texnologiyası ilə yeniləyən "RTX Remix" platforması indiyə qədər "FromSoftware" tərəfindən yaradılmış kult "Dark Souls" oyunu ilə uyğunsuz idi. Lakin bir qrup entuziast bu məhdudiyyəti aradan qaldırmağı bacarıb. Ekozmaster və Kim2091 tərəfindən hazırlanan alətlər dəsti, xoxor4d-nin kod bazası və CR-in töhfələri sayəsində bu layihə reallığa çevrilib. Nəticəni isə modder gabdeg ictimaiyyətə təqdim edib.
gabdeg öz "YouTube" kanalında 17 dəqiqəlik video yayımlayaraq, "Dark Souls: Prepare To Die Edition" oyunundakı "Undead Burg" və "Anor Londo" kimi məşhur məkanların necə dəyişdiyini nümayiş etdirib. Videoda qrafik yeniliklərlə yanaşı, çoxlu sayda xətalar da gözə çarpır. "Dark Souls Re-Remastered" layihəsinin müəllifi olan fromsoftserve bildirib ki, bu problemlər oyunda yol izləmə texnologiyasının sabit işləməsi üçün tələb olunan normal və inikas xəritələrinin çatışmazlığından qaynaqlanır.
2018-ci ildə buraxılmış "Dark Souls Remastered" versiyasında bu xəritələr mövcud olsa da, oyun DirectX 11 bazasında işləyir. "RTX Remix" isə yalnız DirectX 8 və DirectX 9 dəstəkli oyunlarla uyğun gəldiyi üçün modderlərin yeganə seçimi "Prepare To Die Edition" olub. fromsoftserve bu yeniliyi yüksək qiymətləndirərək deyib:
"Aman Tanrım, mən hər API yenilənməsindən sonra PTDE versiyasını heç olmasa 'RTX Remix' ilə işə salmağa çalışırdım. Düzünü desəm, bu mənim xəyalımdakı modifikasiyadır."
Hazırda gabdeg "Dark Souls RTX Remix" modifikasiyasının kütləvi buraxılışını planlaşdırır. Lakin layihə istifadəçilərə təqdim edilməzdən əvvəl entuziast yığılmanın sabitliyini artırmaq və ən qabarıq qrafik qüsurları aradan qaldırmaq niyyətindədir. Modifikasiyanın dəqiq çıxış tarixi hələlik açıqlanmayıb.






