"Paradox Interactive" və "Paradox Development Studio" tərəfindən hazırlanan "Crusader Kings 3" tarixi strategiyası üçün növbəti böyük yenilik olan "Silk & Silver" əlavəsinin buraxılış tarixi məlum olub. Yeni genişləndirmə oyunçulara Orta əsrlərdə güclü ticarət şirkətlərinə rəhbərlik etmək və siyasi təsir imkanlarını genişləndirmək şansı verir.
Əlavə ilə birlikdə oyuna iki yeni idarəetmə forması əlavə olunur: tacirlik və respublika. Tacirlik rejimində oyunçular torpaqsız bir tacir ailəsini idarə edərək ticarət şirkəti qura və 40-dan çox müxtəlif mal növü üçün gəlirli ticarət yolları yarada bilərlər. Respublika idarəetməsi isə patrisi ailələrinin hakimiyyəti üzərində qurulub, burada güc birbaşa klanın sərvətindən asılıdır.
Bu yeniliklər oyunu necə dəyişəcək?
Geliştiricilərin sözlərinə görə, respublika rejimində oyunçular digər ailələrlə rəqabət aparmaq üçün qanunlardan, rüşvətdən və xalq yığıncaqlarının iradəsindən istifadə etməli olacaqlar. Məqsəd, ailə üzvlərini nüfuzlu vəzifələrə təyin edərək öz nəslini güclü bir patrisi klanına çevirməkdir. Bu mexanika oyunun siyasi və iqtisadi dərinliyini əhəmiyyətli dərəcədə artırır.
"Silk & Silver" genişləndirməsi 17 noyabr tarixində satışa çıxarılacaq. Əlavə, "Chapter 5" mövsümi abunəliyinin bir hissəsi kimi təqdim olunur. Xatırladaq ki, "Crusader Kings 3" 2020-ci ildən bəri PC, daha sonra isə PS5 və Xbox Series X/S platformalarında mövcuddur.






