Cənubi Koreyanın oyun nəhəngi "Pearl Abyss" tərəfindən hazırlanan və geniş açıq dünyası ilə diqqət çəkən "Crimson Desert" oyunu kiberhücuma məruz qalıb. 20 mart 2026-cı il tarixində işıq üzü görən və 6 milyon nüsxədən çox satılan bu fentezi-ekşn oyunu, buraxılışından dörd ay yarım sonra piratların hədəfinə çevrilib.
Oyunun müdafiəsini "voices38" ləqəbli haker aşmağa müvəffəq olub. Qeyd edək ki, "Crimson Desert" oyununda istifadə edilən və oyunçular arasında birmənalı qarşılanmayan "Denuvo" anti-pirat sistemi uzun müddət etibarlı müdafiə hesab olunurdu. Haker oyunun 1.14.00 versiyasını sındıraraq onu qanunsuz yollarla əlçatan edib.
Bu hakerin digər uğurları nələrdir?
"voices38" daha əvvəl "Doom: The Dark Ages", "Stellar Blade", "Hogwarts Legacy" və "Atomic Heart" kimi məşhur oyunların müdafiəsini sındırması ilə tanınır. Maraqlıdır ki, haker eyni gündə "Ubisoft" şirkətinin "Avatar: Frontiers of Pandora" oyununu da sındırdığını elan edib. Mütəxəssislərin fikrincə, haker "Denuvo" sistemini tamamilə silməyib, sadəcə onun iş mexanizmini yan keçməyə nail olub.
"Crimson Desert" 2026-cı ildə "voices38" tərəfindən sındırılan dördüncü böyük layihədir. Bundan əvvəl "Resident Evil Requiem", "Pragmata" və "007 First Light" oyunları da oxşar aqibətlə üzləşmişdi. Hazırda "PC", "Mac", "PS5" və "Xbox Series X/S" platformalarında mövcud olan oyun, Cənubi Koreya rəsmiləri tərəfindən də yüksək qiymətləndirilmişdi.






