Cənubi Koreyanın "Pearl Abyss" şirkəti açıq dünyalı fentezi aksiyon oyunu olan "Crimson Desert" üçün növbəti böyük yenilənməni yayımlayıb. Bütün platformalarda əlçatan olan 1.06.00 versiyalı yamaq ("PC" üçün 2,5 GB həcmində) oyuna xüsusi nəqliyyat növləri, təchizatın inkişafına xərclənən materialların geri alınması funksiyası, qılınc qınının göstərilməsi seçimi və gecə tonunun korreksiyası parametrlərini gətirir.
Yeni yenilənmə ilə birlikdə oyunçular ayı, qaban, canavar, maral, dəvə, şir, pələng, iquana və raptor kimi heyvanları minik vasitəsi kimi qeydiyyatdan keçirə bilərlər. Vəhşi heyvanları əhliləşdirmək üçün onlara qalib gəlmək və yemləmək tələb olunur. Əlavə olaraq, Unka üçün əlbəyaxa döyüş bacarıqları, ev itinin düşmənlərə hücum etməsini təmin edən cəsarət tilsimi və "Gülən marionet" sirkində oyuncaq çıxarma aparatı oyuna daxil edilib. Həmçinin, interfeys lokallaşdırılması, balans tənzimləmələri və çoxsaylı xəta düzəlişləri tətbiq olunub.
Qeyd edək ki, "Crimson Desert" martın 20-də "PC" ("Steam", "EGS", "Microsoft Store"), "Mac" ("App Store"), "PS5", "Xbox Series X" və "Xbox Series S" platformalarında işıq üzü görüb. Oyun bir aydan az müddətdə 5 milyon nüsxə satılaraq Cənubi Koreyanın baş nazirinin tərifinə layiq görülüb. Davamlı yenilənmələr sayəsində layihənin "Steam" reytinqi 57 faizdən 83 faizə qədər yüksəlib.






