"Remedy Entertainment" ("Alan Wake 2", "FBC: Firebreak") studiyası "Control" oyununun davamı olan "Control Resonant" üçün dəstəklənən dillərin siyahısını təsdiqləyib. Əvvəlcə "Steam" platformasında yalnız 11 dilin olacağı göstərilsə də, yekun siyahı daha genişdir.
Yeni məlumata görə, oyun səkkiz dildə (ingilis, fransız, alman, italyan, ispan, Braziliya portuqalçası, sadələşdirilmiş Çin və yapon) tam lokallaşdırmaya (səs və subtitr) sahib olacaq. Daha yeddi dildə, o cümlədən rus, türk, ukrayna və polyak dillərində isə yalnız mətn tərcüməsi təqdim ediləcək.
"Control Resonant" hadisələri orijinal oyundan yeddi il sonra cərəyan edəcək. Federal Nəzarət Bürosunun direktoru Cessi Feyden yoxa çıxıb, "Hiss" isə sərbəst qalaraq Manhetteni "psixodelik kabuslar kaleydoskopuna" çevirib. Oyunun 2026-cı ildə "PC" ("Steam", "Epic Games Store"), "PS5", "Xbox Series X" və "S" platformaları üçün buraxılması planlaşdırılır.
Texniki baxımdan oyun ilk gündən DLSS 4.5 və "path tracing" texnologiyalarını dəstəkləyəcək. Oyunçuları Cessinin qardaşı Dilan Feydenin simasında yeni baş qəhrəman, açıq dünya olmayan sərbəst oyun tərzi, dərin inkişaf sistemi və forma dəyişdirən silahlar gözləyir.






