"Comcast" şirkəti tərəfindən təqdim edilən "Xfinity Shield" platforması müştərilərin routerlərini evdə hərəkəti izləyən sensorlara çevirməsinə imkan verir. Bu yenilik istifadəçilər arasında həm maraq, həm də ciddi narahatlıq doğurub. Bir çox müştəri evlərindəki cihazın onların hərəkətlərini izləməsini istəmədiyini bildirərək, şəxsi avadanlıqdan istifadə etməyi düşünür.
"WiFi Motion" adlanan bu funksiya evdəki "Xfinity Gateway" və ona qoşulu olan cihazlar arasındakı Wi-Fi siqnallarının dəyişməsini analiz edir. Şirkət nümayəndəsi Meagan Sloan bildirib ki, sistem kamera, audio və ya video qeydiyyatı aparmır. Məlumatlar yalnız hərəkətin hansı cihaz tərəfindən aşkarlandığını və vaxtını göstərir.
Məlumatlar necə qorunur və kimlər əldə edə bilər?
Şirkətin açıqlamasına görə, hərəkət aktivliyi ilə bağlı məlumatlar "Xfinity" tətbiqində 7 gün müddətində saxlanılır. Meagan Sloan qeyd edib ki, "Comcast" qanuni tələblər, məhkəmə qərarları və ya orderlər əsasında bu məlumatları hüquq-mühafizə orqanlarına təqdim etmək öhdəliyi daşıya bilər. Bu isə istifadəçilərin məxfiliklə bağlı ən böyük narahatlıqlarından biridir.
Texnologiya evdəki hərəkəti müəyyən etsə də, kimin olduğunu ayırd edə bilmir. 40 funt (təxminən 18 kq) ağırlığından aşağı olan ev heyvanlarını nəzərə almamaq üçün xüsusi tənzimləmə mövcuddur, lakin sistem uşaqları və böyükləri ayırd etməkdə çətinlik çəkir. "Comcast" vurğulayır ki, funksiya tamamilə könüllüdür və istifadəçi tərəfindən aktivləşdirilmədikcə işə düşmür.






