İyunun 22-də baş verən genişmiqyaslı kəsinti “Cloudflare” şirkətinin şəbəkə infrastrukturundakı problemlərlə bağlı olub. Hadisə nəticəsində “Discord”, “Reddit”, “Canva”, “Zoom”, “Fortnite”, “Robinhood”, “Microsoft Teams” və “X” kimi populyar platformalara giriş məhdudlaşıb. 70-dən çox ölkədə istifadəçilər veb-saytların yüklənməməsi, sosial şəbəkə lentlərinin donması və bulud tətbiqlərinə çıxışın mümkünsüzlüyü barədə şikayətlər ediblər.
Kəsintinin əsas səbəbi nə olub?
“Cloudflare” rəsmiləri problemin Şimali Amerikanın şərq hissəsindəki şəbəkə bağlantısına təsir edən optik lif xəttinin qırılması ilə bağlı olduğunu açıqlayıblar. Şirkət xüsusilə “Zayo” şəbəkə provayderinin infrastrukturundan istifadə edən saytların müvəqqəti olaraq əlçatmaz ola biləcəyi barədə xəbərdarlıq edib. Avropa və Şimali Amerika üzərindən keçən trafikdə isə yüksək gecikmələr və bağlantı xətaları müşahidə olunub.
Vəziyyət nə vaxt normallaşıb?
Moskva vaxtı ilə saat 17:44-də nasazlığı müəyyən edən şirkət dərhal təmir işlərinə başlayıb. Bir neçə saat sonra, saat 20:30 radələrində “Cloudflare” xidmətlərin əsasən bərpa olunduğunu və sistemin sabitləşdiyini bəyan edib. Şirkət Şimali Amerika regionunda hələ də kiçik xətaların qala biləcəyini, lakin tam aradan qaldırılması üçün işlərin davam etdiyini vurğulayıb. Qeyd edək ki, bu, 2025-ci ilin noyabrından bəri “Cloudflare” infrastrukturunda qeydə alınan növbəti irimiqyaslı nasazlıqdır.





