İstifadəçilərin “Claude” süni intellekt modeli ilə apardıqları söhbətlər “Google” axtarış sisteminin nəticələrində aşkarlanıb. Məlum olub ki, ictimai paylaşım linkləri vasitəsilə yaradılan çatlar və “Artifact” sənədləri axtarış robotları tərəfindən indekslənərək geniş auditoriyaya açıq hala gəlib. Bu insident istifadəçilərin məxfi məlumatlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Hansı məlumatlar sızdırılıb?
Axtarış sistemində görünən məlumatlar arasında tibbi sənədlər, daxili korporativ fayllar və hətta uşaqların şəxsi məlumatları (adlar və telefon nömrələri) yer alıb. Bir çox istifadəçi yalnız müəyyən şəxslərlə paylaşılacağını düşündüyü linklərin əslində bütün internet üçün əlçatan olduğunu nəzərə almayıb. “Anthropic” şirkətinin nümayəndəsi Emi Roterkem bildirib ki, söhbətlərin ictimai olması istifadəçinin öz seçimindən asılıdır və şirkət axtarış sistemlərinə xüsusi kataloqlar təqdim etmir.
İnsident necə aradan qaldırılıb?
“Reddit” istifadəçilərinin problemi aşkar etməsindən qısa müddət sonra həmin səhifələr “Google” indeksindən silinib. “Google” rəsmisi Ned Adrians qeyd edib ki, axtarış sistemləri yalnız veb-sayt sahiblərinin ictimaiyyətə açıq etdiyi məzmunu indeksləyir. Şirkət rəsmiləri istifadəçilərə “Claude” tənzimləmələrindəki “Privacy” bölməsinə daxil olaraq, “Shared Chats” hissəsindəki aktiv linkləri yoxlamağı tövsiyə edir.
Məxfi məlumatların, o cümlədən korporativ sənədlərin və tibbi qeydlərin süni intellekt çatlarında paylaşılması ciddi təhlükəsizlik riskləri yaradır.






