Fransız studiyası "Sandfall Interactive" tərəfindən hazırlanmış məşhur fantastik növbəli rol oyunu "Clair Obscur: Expedition 33" tarixə ən çox titula sahib olan layihə kimi düşməklə yanaşı, daha bir nadir nailiyyətə imza atıb. 2025-ci ildə mükafat mövsümünün mütləq qalibi olan bu oyun, "Elden Ring"i belə geridə qoyaraq 500-dən çox "İlin oyunu" adına layiq görülüb.
Layihə "The Game Awards 2025", "Golden Joystick Awards 2025", "DICE Awards 2026", "GDC Awards 2026" və ötən həftənin sonlarında baş tutan "BAFTA Games Awards 2026" tədbirlərində baş mükafatı qazanıb. Bununla da o, oyun sənayesi tarixində bu beş əsas mükafatı toplayan ikinci oyun olub. Xatırladaq ki, ilk belə rekordu 2024-cü ildə "Larian Studios" tərəfindən yaradılan əfsanəvi "Baldur’s Gate 3" müəyyən etmişdi. Rəmzi haldır ki, sonuncu tədbirdə mükafatı qaliblərə məhz "Larian" rəhbəri Sven Vinke (Swen Vincke) təqdim edib.
Bu tarixi uğurdan əvvəl oyun Fransa prezidenti tərəfindən iki dəfə təriflənib, 5 milyon nüsxə satılıb və müasir standartlara görə olduqca təvazökar büdcəsi ilə diqqət çəkib. 24 aprel 2025-ci ildə fərdi kompyuterlər ("Steam", "EGS"), "PS5", "Xbox Series X" və "S" platformalarında buraxılan oyun heç bir əlavə (DLC) almasa da, dekabr ayında 1.5.0 (Thank You Update) adlı böyük məzmun yenilənməsi əldə edib.






