Fransanın "Sandfall Interactive" studiyası tərəfindən yaradılan məşhur "Clair Obscur: Expedition 33" rol oyunu 24 aprel tarixində özünün ilk ildönümünü qeyd edir. Bu əlamətdar hadisə münasibətilə bütün platformalarda 1.5.5 nömrəli yeni yenilənmə yayımlanıb. Yamaq oyundakı əsas personajlar üçün bayram mövzulu yeni saç düzümlərini əlavə edir. Oyunçular Qüstav üçün yeni tərzi "Daş Dalğa Uçurumları"nın yaxınlığında, digər qəhrəmanlar (Mael, Verso, Lüne, Siel və Monoko) üçün isə dünya xəritəsindəki "Başka" adlı əlavə bossun yaxınlığında əldə edə bilərlər.
İldönümü çərçivəsində tərtibatçılar xüsusi illüstrasiya təqdim edib və "Steam" platformasında oyun üçün 20 faizlik endirim kampaniyasına başlayıblar. Lakin bayram ab-havası pərəstişkarların məyusluğu ilə müşayiət olunub. Belə ki, "Sandfall Interactive" nümayəndələri sosial şəbəkələrdəki şərhlərdə "Clair Obscur: Expedition 33" üçün heç bir böyük genişlənmə paketi (DLC) planlaşdırılmadığını rəsmən təsdiqləyiblər.
Xatırladaq ki, 24 aprel 2025-ci ildə fərdi kompyuterlər ("Steam", "EGS"), "PS5", "Xbox Series X" və "Xbox Series S" üçün buraxılan layihə qısa müddətdə böyük uğur qazanıb. Fransa prezidenti tərəfindən iki dəfə təriflənən oyun indiyədək 5 milyon nüsxə satılıb. Bundan əlavə, layihə tarixdə ən çox mükafat alan oyun ünvanını qazanıb və beş aparıcı mükafatlandırma mərasiminin baş mükafatını alaraq "Baldur’s Gate 3" oyununun unikal nailiyyətini təkrarlayıb.






