Müstəqil "1:1 Studio" tərtibatçıları yeni və iddialı şəhərsalma strategiyası olan "City Masterplan" oyununun ilk qeympley treylerini nümayiş etdiriblər. Bu layihə oyunçulara 1:1 miqyasında nəhəng meqapolislər inşa etmək imkanı verəcək. Tərtibatçıların sözlərinə görə, onları bu oyunu yaratmağa müasir janr nümayəndələrinin texniki, məntiqi və qeympley məhdudiyyətlərindən yaranan narazılıq həvəsləndirib.
Yeni strategiya istifadəçilərə xəyallarındakı şəhəri tam real miqyasda yaratmağı təklif edir. Oyunçular mürəkkəb yol şəbəkələri layihələndirə, tıxaclarla mübarizə apara, təchizat marşrutlarını optimallaşdıra və inkişaf etmiş iqtisadiyyatı idarə edə biləcəklər. "1:1 Studio" komandası layihəni belə təsvir edir:
"Nə vaxtsa şəhərsalma oyunu oynayıb, 'kaş ki, bir az da çox olardı' demisiniz? Daha böyük xəritə, daha real miqyas, mənalı yol hərəkəti məntiqi... Biz bunu düşündük və öz oyunumuzu yaratdıq".
Tərtibatçılar realizm və idarəetmə rahatlığı arasında ideal balans yaradacaqlarına, həmçinin intuitiv interfeys və yaradıcılıq azadlığı təqdim edəcəklərinə söz verirlər. Bəzi istifadəçilər bu vədlərə şübhə ilə yanaşsa da, digərləri layihənin rəqiblərini sıradan çıxaracağını düşünür. Məsələn, uglytuco3079 adlı istifadəçi "Bu oyun "Cities: Skylines"a son qoyacaq" deyə əminliyini ifadə edib. "City Masterplan" oyununun "Steam" platformasında fərdi kompüterlər üçün buraxılması gözlənilir. Layihə "Unreal Engine 5" mühərriki üzərində qurulub və fotorealistik işıqlandırma, nəhəng kəsintisiz xəritə və inanılmaz detallar vəd edir.






