"Bloomberg" agentliyinin məlumatına görə, Çin hökuməti dövlət qurumlarına "Microsoft" tərəfindən hazırlanan "Windows 10" əməliyyat sisteminin xüsusi versiyasından istifadəni dayandırmaq barədə yeni direktiv verib. Bu qərar Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin tələbi ilə qəbul edilib və mövcud miqrasiya planının icrasını əhəmiyyətli dərəcədə sürətləndirir.
Sözügedən əməliyyat sistemi 2016-cı ildə "Microsoft" və yerli tərəfdaşların iştirakı ilə yaradılmış "CMIT" birgə müəssisəsi tərəfindən hazırlanmışdı. Məqsəd sistemin Çin hakimiyyətinin təhlükəsizlik tələblərinə uyğunlaşdırılması idi. İlkin plana əsasən, bu versiyanın dəstəyinin gələn ilin fevralında dayandırılması nəzərdə tutulsa da, proses gözləniləndən daha tez icra olunur.
Bu qərar texnologiya bazarına necə təsir edib?
Dövlət qurumlarının milli proqram təminatına keçid tələbi yerli proqram təminatı istehsalçılarının səhmlərində ciddi artıma səbəb olub. Bazar analitikləri bəzi şirkətlərin kotirovkalarının 10%-dən 20%-dək yüksəldiyini qeyd edirlər. Çin bazarında "Microsoft"un mövcudluğunun on ildir ki, tədricən azaldığı müşahidə olunur.
"Microsoft" nümayəndələri isə bildiriblər ki, Çin bazarı üçün nəzərdə tutulan bu "Windows 10" versiyası hələ də müntəzəm təhlükəsizlik yeniləmələri almağa davam edir. Şirkət hər hansı bir informasiya təhlükəsizliyi insidentindən xəbərsiz olduğunu vurğulayıb. Xatırladaq ki, qlobal bazarda "Windows 10" üçün texniki dəstək artıq ötən ilin sonunda dayandırılıb.






